Türkiyədə “hər şey daxil” sisteminə son – Azərbaycanda da tətbiq edilə bilərmi?
Ekspert: Açıq bufeti tam ləğv etmək yox, ağıllı tənzimləmək vacibdir
Türkiyədə qida israfının qarşısını almaq üçün hotellər və restoranlarda “hər şey daxil” sisteminin menyu əsaslı model ilə əvəzlənməsi məsələsi gündəmə gəlib. Türkiyə Prezidenti yanında Kənd Təsərrüfatı və Ərzaq Siyasəti Şurası yaxın vaxtlarda bu istiqamətdə qanun layihəsini parlamentə təqdim etməyə hazırlaşır.
Maraqlıdır, bu model Azərbaycanda da tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi “Teleqraf”a açıqlamasında bildirib ki, “hər şey daxil” prinsipi ilə fəaliyyət göstərən açıq bufetlərdə boşqab başına orta hesabla azı 150 qram qida zibilə atılır. Onun sözlərinə görə, bu göstərici artıq müzakirələr üçün ciddi əsasdır.
Ekspert qeyd edib ki, Azərbaycanda da, xüsusilə səhər yeməklərində açıq bufet sistemi geniş tətbiq olunur. Lakin iri mehmanxana və restoranların tam şəkildə menyu əsaslı (“a la carte”) sistemə keçməsi qısa müddətdə nə iqtisadi, nə də əməli baxımdan realdır.
Samir Dübəndi hesab edir ki, əsas məsələ açıq bufeti ləğv etmək yox, israfı idarə etməkdir:
-
porsiya və ardıcıllıq texnologiyalarının dəqiqləşdirilməsi,
-
“yedikcə sifariş et” tipli hibrid modellərin tətbiqi,
-
qalıqların ölçülüb idarə olunması,
-
personalın xüsusi hazırlığı bu sahədə əsas həll yollarıdır.
Beynəlxalq təcrübəyə də diqqət çəkən ekspert bildirib ki, Avropa İttifaqı ORECA sektoru üçün xüsusi bələdçi hazırlayıb, Britaniyada WRAP proqramları hotellərdə tullantıları ciddi şəkildə azaltmağa kömək edir. UNEP-in 2024-cü il “Food Waste Index” hesabatı isə xidmət sektorunda israfın azaldılmasını BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində prioritet elan edib.
“Peşəkar heyət və hibrid servis modelləri ilə həm qonaq məmnuniyyətini, həm də qida israfının kəskin azalmasını təmin etmək mümkündür”, – deyə Dübəndi vurğulayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.