Türkiyə–Ermənistan sərhədində yeni mərhələyə hazırlıq gedir
“Alican” və “Marqara” keçid məntəqələrində işlərin böyük hissəsi tamamlanıb, proses regional sülh gündəliyi çərçivəsində mərhələli şəkildə davam edə bilər
Türkiyə Ermənistanla sərhəddə yerləşən keçid məntəqəsində hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. İğdır vilayətinin yerli idarəetmə orqanlarının açıqlamasına görə, “Alican” sərhəd-keçid məntəqəsində görülən işlərin təxminən 90 faizi tamamlanıb. Bu da yaxın perspektivdə sərhədin mərhələli şəkildə istifadəyə verilməsi ehtimalını gündəmə gətirib.
Məlumata əsasən, infrastruktur və texniki hazırlıq işləri paralel şəkildə həm Türkiyənin Qaraqoyunlu rayonundakı “Alican”, həm də Ermənistanın Armavir vilayətində yerləşən “Marqara” keçid məntəqəsində davam etdirilir.
Mövzu ilə bağlı siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, Azərbaycanın əsas prioritetlərindən biri regionda davamlı sülhün təmin olunmasıdır. Onun sözlərinə görə, bu istiqamətdə Bakı tərəfindən ardıcıl və prinsipial addımlar atılır. Xüsusilə avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalar praktiki mərhələyə keçib.
Şərhçi qeyd edib ki, işğal dövründən sonra ilk dəfə olaraq Ermənistana nəqliyyat marşrutlarından istifadə imkanı yaradılıb, həmçinin yanacaq satışına başlanılıb. Ərzaq və enerji resursları kimi strateji məhsulların ötürülməsinə razılıq verilməsi Azərbaycanın sülhə və humanitar prinsiplərə sadiqliyinin göstəricisidir.
Rəhimli vurğulayıb ki, sülhün dayanıqlı olması üçün Ermənistan tərəfinin də üzərinə düşən öhdəlikləri yerinə yetirməsi vacibdir. Onun fikrincə, hazırkı Ermənistan hakimiyyəti sülhə meyilli mövqe nümayiş etdirsə də, revanşist dairələrin ritorikası risklər yarada bilər. Rəsmi İrəvan real addımlar atdıqca, regional münasibətlərdə də yumşalma müşahidə olunacaq.
Ekspert əlavə edib ki, “Türkiyə Ermənistanla sərhədləri açır” kimi qəti ifadələrdən istifadə etmək hələ tezdir. Ankara Bakı ilə koordinasiyalı şəkildə İrəvanla münasibətləri yenidən qiymətləndirir. “Alican” və “Marqara” keçid məntəqələrində işlərin tamamlanması sərhədlərin dərhal açılması demək deyil, lakin bu prosesin mərhələli şəkildə həyata keçirilə biləcəyi istisna olunmur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.