Trampın BMT Çıxışı Tənqid Olundu – Azərbaycan da Siyahıda
Almaniya mətbuatı ABŞ prezidentinin “yeddi müharibəyə son qoydu” iddiasını şişirdilmiş hesab edir.
ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışı “DW Fact Check” nəşri tərəfindən qeyri-dəqiqlik və şişirtmələrlə dolu olduğu ilə bağlı tənqid edilib.
Tramp çıxışında Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, həmçinin Ermənistan və Azərbaycan arasında yeddi münaqişəyə son qoyduğunu iddia edib. Alman mətbuatı bildirir ki, bu iddiaların əksəriyyəti həqiqəti əks etdirmir və bəzi münaqişələr hələ də qeyri-sabit olaraq qalır.
“Misir və Efiopiya Trampın prezidentliyi dövründə döyüşməyib, Serbiya və Kosovo arasında aktiv münaqişə olmayıb. Trampın əldə etdiyi 2020-ci il razılaşmaları isə sülh yox, iqtisadi əlaqələrə yönəlmişdi”, – məqalədə vurğulanır. Bundan əlavə, Konqo Demokratik Respublikasında toqquşmalar hələ də davam edir, İsrail və İran arasında gərginlik isə yenidən yüksələ bilər.
Azərbaycan və Ermənistan məsələsinə gəlincə, tərəflər 30 illik münaqişədən sonra 8 avqustda Vaşinqtonda sülh sazişini paraflayıblar. Tramp bu razılaşmada şahid qismində iştirak edib. Yekun sülh sazişinin imzalanması isə Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasından asılı olacaq. Ermənistan Baş naziri Nikol Paşinyan isə referendumun 2026-cı ildə keçiriləcəyini açıqlayıb.
Ekspertlər bildirirlər ki, ABŞ prezidentinin “yeddi müharibəyə son qoydu” iddiası ciddi şəkildə şişirdilmişdir və reallıqdan uzaqdır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.