Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Taksi sürücüləri üçün vacib yenilik

Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün növbəti test imtahanının tarixini açıqlayıb

15

Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobillərinin sürücüləri üçün növbəti imtahan tarixini açıqlayıb. İmtahan noyabrın 13-də keçiriləcək.

Hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən şəxslərin məlumatları artıq DİM-ə təqdim olunub. Namizədlər 17 oktyabr saat 12:00-dan 31 oktyabr saat 18:00-dək imtahana qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat prosesi DİM-in rəsmi internet səhifəsində — ekabinet.dim.gov.az ünvanında aparılır. Sürücülər “Şəxsi kabinet” yaradaraq “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair test imtahanı” xidmətini seçməlidirlər.

İmtahanda iştirak ödənişlidir – hər bir namizəd “Şəxsi kabinet”dəki hesabına 35 manat əlavə etməlidir. Qeydiyyatdan keçib imtahana qatılmayan şəxslərə ödəniş geri qaytarılmayacaq.

Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50) keçiriləcək. İmtahana buraxılış vərəqəsini sürücülər qeydiyyat başa çatdıqdan sonra, imtahana 3 gün qalmış sayt vasitəsilə çap edə biləcəklər.

İmtahan 1 saat davam edəcək və 20 test tapşırığından ibarət olacaq. Suallar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi xüsusi proqram əsasında hazırlanıb.

Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar nəticəyə təsir etməyəcək. 10 və daha çox bal toplayan sürücülər imtahanı uğurla keçmiş sayılacaq və onlara 7 il müddətinə etibarlı şəhadətnamə təqdim olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.