Tərtər elektromexanika zavodu yenidənqurmadan sonra istifadəyə verildi
Prezident İlham Əliyev müəssisənin açılışında iştirak edib, zavodda müasir texnologiyalar və hərbi məhsulların istehsalı üçün genişmiqyaslı yeniliklər həyata keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət başçısı əvvəlcə zavodun həyətində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub. Müdafiə sənayesi naziri Vüqar Mustafayev Prezidentə müəssisədə yaradılmış şərait barədə məlumat verib.
Zavod 1976-cı ildə Lionozovo elektromexanika zavodunun Tərtər filialı kimi yaradılıb və 1977-ci ilin aprelində fəaliyyətə başlayıb. Burada elektrotexnika və xüsusi təyinatlı məhsullar istehsal olunub; ilk illərdə mühərrikli qayıqlar üçün “Taxometr-spidometr” hazırlanıb. Zavodun rəsmi açılışında 1978-ci ildə Ümummilli Lider Heydər Əliyev iştirak edib.
Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncama əsasən zavod Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Müəssisədə müxtəlif növ hərbi təyinatlı məhsullar istehsal olunacaq, qabaqcıl texnoloji avadanlıqlar quraşdırılıb, istehsal axınları “Azərsilah” Holdinqinin yerli mütəxəssisləri tərəfindən layihələndirilib. İstehsal prosesi milli hərbi-texniki normalara və beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılıb; bu məqsədlə keyfiyyətə nəzarət laboratoriyası yaradılıb.
Zavodun ərazisində genişmiqyaslı tikinti və yenidənqurma işləri aparılıb, yeni istehsalat və köməkçi binalar istifadəyə verilib. Mövcud tikililərdə isə texnoloji prosesin tələblərinə uyğun ballistik və resurs sınaqları üçün poliqonlar yaradılıb.
Qeyd olunur ki, Prezident İlham Əliyev müdafiə sənayesinin inkişafına xüsusi diqqət yetirir. Yerli şirkətlər fəaliyyətə başlayır, xarici tərəfdaşlarla əməkdaşlıq genişlənir və ən müasir texnologiyalar tətbiq edilir. Ötən il Azərbaycanda 1,4 milyard manat dəyərində hərbi məhsul istehsal olunub, bunların bir hissəsi Silahlı Qüvvələrə, bir hissəsi isə ixraca yönəldilib. Hazırda ölkəmiz 20-yə yaxın dövlətə hərbi məhsullar ixrac edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.