Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Suriyada yeni siyasi və təhlükəsizlik mərhələsi

Ankara hesab edir ki, əldə olunan razılaşma Suriyada ərazi bütövlüyünün qorunmasına və uzunmüddətli sabitliyin təmininə töhfə verəcək

76

Türkiyə Suriyada əldə olunan atəşkəs və tam inteqrasiyanı nəzərdə tutan razılaşmanın ölkədə ərazi bütövlüyünün qorunmasına, birlik mühitinin möhkəmlənməsinə və uzunmüddətli sabitliyin təmininə müsbət təsir göstərəcəyinə ümid etdiyini açıqlayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Suriyada elan olunan atəşkəslə bağlı yaydığı rəsmi bəyanatda məlumat verib.

Bəyanatda qeyd olunub ki, Suriyanın gələcəyi parçalanma və terrorla deyil, birlik və inteqrasiya yolu ilə formalaşa bilər. Nazirlik vurğulayıb ki, Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd əl-Şaraa tərəfindən yanvarın 18-də elan edilən atəşkəs və inteqrasiya sazişinin ölkədə təhlükəsizlik və sabitliyin bərqərar olunmasına yönəlmiş səyləri daha da sürətləndirəcəyi gözlənilir.

Türkiyə XİN-in açıqlamasında razılaşmanın təkcə Suriya xalqı üçün deyil, bütövlükdə region, xüsusilə də Suriyaya qonşu ölkələr üçün sülh və təhlükəsizliyə töhfə verəcəyinə ümid ifadə olunub. Eyni zamanda xatırladılıb ki, 8 dekabr 2024-cü ildən sonra Suriyada başlanan yeni mərhələ ölkənin daha sabit və firavan gələcəyə doğru irəliləməsi baxımından mühüm imkanlar yaradıb və hazırda bu proses həlledici dövrdədir.

Nazirlik diqqətə çatdırıb ki, mövcud vəziyyət nəzərə alınmaqla Suriyadakı bütün qruplar və fərdi aktorlar ölkənin gələcəyinin zorakılıq və parçalanmada deyil, həmrəylik, birlik və inteqrasiyada olduğunu dərk etməlidirlər. Türkiyə isə xalqın iradəsinə əsaslanan, inklüziv və birləşdirici yanaşma ilə fəaliyyət göstərən Suriya hökumətinin terrorla mübarizə və ölkənin yenidən qurulması istiqamətində atdığı addımları dəstəkləməyə davam edəcəyini bəyan edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.