Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Su təchizatı ilə bağlı ən çox verilən suallar açıqlandı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin tabeli qurumu olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti abonentləri maraqlandıran 5 əsas suala aydınlıq gətirib

46

Abonentlər su təchizatı ilə bağlı yaranan suallarla əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi-nin tabeliyində fəaliyyət göstərən qurumlara mövcud əlaqə kanalları vasitəsilə müraciət edir və qısa müddətdə ətraflı cavab əldə edirlər.

Daxil olan müraciətlər arasında vətəndaşları daha çox maraqlandıran və tez-tez səsləndirilən məsələlər də yer alır. ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həmin aktual sualları və onlara verilən izahları ardıcıl şəkildə ictimaiyyətə təqdim edir.

“5 sual, 5 cavab” rubrikasının sual və cavablarını təqdim edirik.


  • Sayğacın laboratoriya şəraitində yoxlanmasına görə ödəniş edilməlidirmi?

  • Sayğac abonentin təşəbbüsü və ya onun təqsiri ilə yoxlanışa göndərilərsə, xərclər abonent tərəfindən qarşılanır. Digər hallarda isə yoxlama sukanal idarəsinin vəsaiti hesabına aparılır.


  • Su təchizatı sisteminə qanunsuz qoşulma halı aşkar edildikdə dəymiş ziyan hansı müddətə hesablanır?

  • Qanunsuz qoşulma faktı müəyyən edildikdə və qoşulmanın konkret tarixini dəqiqləşdirmək mümkün olmadıqda, “Sudan istifadə qaydaları”na əsasən itirilmiş suyun həcmi son 1 ilədək olan müddət üçün hesablanır.


  • Evimin bir hissəsində kommersiya fəaliyyəti ilə məşğul oluramsa, mənzilin sayğacından keçən su hansı tariflə hesablanmalıdır?

  • Abonentin eyni və ya müxtəlif ünvanlarda yerləşən, fərqli tarif qruplarına aid obyektləri üzrə ödənişlər hər obyektin aid olduğu istehlakçı kateqoriyasına uyğun tariflə aparılır. Sahibkarlıq fəaliyyəti həyata keçirilən hissə üzrə içməli və tullantı su xidmətlərinə görə rayon sukanal idarəsi ilə qeyri-əhali istehlakçı qrupu üzrə müqavilə bağlanmalıdır. Həmçinin daxili su xəttinin girişində ayrılma edilməli və kommersiya obyektinə yönələn xəttin uçot nöqtəsində (mənzil sayğacından əvvəl ayrılan hissədə) istehlakçının vəsaiti hesabına müvafiq smart sayğac quraşdırılmalıdır.


  • Sayğacın quraşdırılmasına görə ödəniş edilməlidirmi?

  • Fiziki şəxslər (əhali istehlakçı qrupu) üçün suölçən cihazların təmin edilməsi, quraşdırılması və dəyişdirilməsi sukanal idarəsinin hesabına həyata keçirilir. Hüquqi şəxslər (qeyri-əhali istehlakçı qrupu) üçün isə bu xərclər istehlakçının özü tərəfindən ödənilir. Quraşdırılmış suölçən cihaz olan obyekt sonradan başqa şəxsə istifadəyə və ya icarəyə verildikdə, bu hal cihazın sökülməsi və ya dəyişdirilməsi üçün əsas sayılmır və onun quraşdırılmasına çəkilən xərcin yeni istifadəçidən tələb edilməsi mümkün deyil.


  • Qüsurlu ödənişi necə bərpa edim?

  • Bunun üçün şəxsiyyəti təsdiq edən sənəd, ödəniş qəbzi və smart kartla birlikdə ASAN kommunal mərkəzlərinə və ya aidiyyəti yerli sukanal idarəsinə müraciət olunmalıdır.


Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.