Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Seysmoloq: “Regionda zəlzələlərin sayı artsa da, dəqiq proqnoz vermək mümkün deyil”

Azərbaycanda və Türkiyədə seysmik aktivlik müşahidə olunur, amma güclü zəlzələ ehtimalı barədə birmənalı fikir yoxdur

26

Azərbaycan və Türkiyə seysmik baxımdan aktiv zonalarda yerləşir. Ümumilikdə, bütün region zəlzələ riski yüksək olan ərazilər sırasına daxildir. Bu səbəbdən burada vaxtaşırı maqnitudası 3-4, bəzən 5-6 və hətta daha güclü yeraltı təkanlar qeydə alınır.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı açıqlama verib. Onun sözlərinə görə, son illər Türkiyədə seysmik fəallıq nəzərəçarpacaq dərəcədə artıb:

“2023-cü il fevralın 6-da Kahramanmaraşda baş verən dağıdıcı zəlzələdən sonra həmin bölgədə aktivlik davam edir. Yaxın vaxtlarda Mərmərə dənizində də güclü yeraltı təkan qeydə alınmış və bu, İstanbul və ətraf ərazilərdə aydın hiss olunmuşdu. Lakin bir daha vurğulamaq istəyirəm ki, zəlzələlərin yeri, vaxtı və gücü ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Aparılan müşahidələr və kompleks tədqiqatlar müəyyən ərazilərdə aktivliyin artdığını göstərir, amma bunun zəif, yoxsa güclü təkanlara səbəb olacağını əvvəlcədən bilmək mümkün deyil,” – deyə o bildirib.

Seysmoloq əlavə edib ki, seysmik zonalarda zəif və zəif hiss edilən yeraltı təkanlar normaldır və bu, həmin ərazilərin geodinamik xüsusiyyətləri ilə əlaqədardır.

Azərbaycanla bağlı danışan Vüsalə Rafiqqızı qeyd edib ki, ölkəmizdə də bir sıra seysmik bölgələr mövcuddur:
“İndiyədək maqnitudası 3 və daha yuxarı olan bir çox zəlzələ qeydə alınıb. Bəzilərinin maqnitudası 4-dən çox olsa da, onlar zəif hiss edilib. Yeraltı təkanların təsir gücü əsasən ocağın dərinliyi və zəlzələnin gücündən asılıdır. Türkiyədə baş verən zəlzələlərin isə məsafə və geoloji quruluş səbəbindən Azərbaycana ciddi təsir ehtimalı yoxdur,” – deyə o vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.