Saatlıq əməkhaqqı gözləyir: Azərbaycanda yeni sistem təxirə salındı
14 günlük atalara məzuniyyət və distant iş hüquqları təsdiqlənsə də, saatlıq ödəniş mexanizmi hələ hazır deyil – ekspertlər açıqladı.
Əmək Məcəlləsinə edilən son dəyişikliklərdə bir sıra yeniliklər diqqət çəkib: uşağın doğulması ilə bağlı atalara 14 günlük ödənişli məzuniyyət, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi zamanı əmək müqaviləsi ilə təmin olunması kimi maddələr qanun layihəsinə əlavə edilib.
Lakin uzun müddətdir müzakirə mövzusu olan saatlıq minimum əməkhaqqına keçid məsələsi bu dəfə də layihəyə daxil edilməyib. Hazırda Azərbaycanda minimum əməkhaqqı aylıq hesablanır və 400 manat təşkil edir. Rəsmi qurumlar əvvəlcə saatlıq əməkhaqqı sistemi üzərində iş aparıldığını açıqlamışdılar, lakin yeni dəyişiklikdə bu məsələ təxirə salınıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, saatlıq minimum əməkhaqqının tətbiqi üçün hələ mexanizmin hazırlanması və qaydaların dəqiqləşdirilməsi lazımdır. Onun sözlərinə görə, bu model işçilərin əlavə iş saatları (“overtime”) üçün haqq qazanmalarını təmin edir və eyni zamanda bir neçə iş yerində fəaliyyət göstərmək imkanlarını genişləndirir.
Deputat əlavə edib ki, əmək müqavilələrinin növləri, tətbiq mexanizmi və ödəniş sistemi kimi məsələlər də tam aydınlaşdırılmalıdır:
“Əmək bazarında hər hansı islahatlar yalnız hüquqi çərçivə və mexanizmlər tam hazır olduqda effektiv olar. Saatlıq əməkhaqqı sistemi də yalnız bütün detallar tamamlandıqdan sonra tətbiq edilə bilər.”
Bayramov qeyd edib ki, müzakirələr davam edir və gözləntilər odur ki, gələcəkdə Azərbaycan da bir çox ölkələrdə olduğu kimi bu sistemə keçəcək, lakin bunun üçün mexanizmlər tam hazır olmalıdır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.