“Sərhəd açılır?” – Türkiyədən Ermənistana bağlı xəbərlərə cavab
Ankara “Bloomberg”in 6 aylıq sərhəd iddiasını təkzib etdi: “Rəsmi qərar yoxdur, xəbərlər dezinformasiyadır.”
“Bloomberg”in iddiasına görə, Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədinin açılmasını müzakirə edir. Agentlik bunu adının çəkilməsini istəməyən qaynaqlara istinadən yazıb. Bildirilir ki, bu addımın gerçəkləşməsi regionda, xüsusilə Cənubi Qafqazda ticarət və nəqliyyat marşrutlarını tamamilə dəyişə bilər və Avropada “soyuq müharibə” dövründən qalan son bağlı sərhəd xəttini də tarixə çevirər.
Məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisinin Türkiyə–Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb:
“Azərbaycan–Ermənistan münaqişəsi başa çatıb, torpaqlar işğaldan azad olunub. Amma Bakı müharibədən sonra İrəvan qarşısında iki əsas şərt qoyub: Minsk qrupunun tam ləğvi və Ermənistan konstitusiyasında Qarabağa dair iddianın aradan qaldırılması. Konstitusiyada hələ də torpaq iddiasının olması Azərbaycanın qəbul edə biləcəyi məsələ deyil. Hazırda bu istiqamətdə müəyyən proseslər gedir.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında dialoqlar müsbət ruhdadır. Hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır. Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan sərhədləri açmaz. Buna görə yayılan xəbərləri doğru hesab etmək olmaz. Prezident və ya xarici işlər naziri rəsmi açıqlama verməyibsə, bu iddiaların heç bir əsası yoxdur”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.