Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Səma həvəskarları üçün nadir fürsət

Fevralın 28-də altı planet eyni vaxtda səmanın bir hissəsində müşahidə olunacaq və “planetlərin böyük paradı” baş verəcək

2. 489

Fevralın 28-i axşam saatlarında səma həvəskarlarını maraqlı bir astronomik hadisə gözləyir. Həmin gün “planetlərin böyük paradı” adlanan nadir səma düzülüşü baş verəcək.

BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, gün batdıqdan sonra Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni anda səmanın eyni hissəsində görünəcək. Bu planetlərdən dördünü adi gözlə izləmək mümkün olacaq, Uran və Neptun isə yalnız teleskop və ya binokl vasitəsilə müşahidə edilə biləcək.

Səmanın ən parlaq obyektləri olan Venera ilə yanaşı Yupiter və Saturn da asanlıqla seçiləcək. Merkuri üfüqə yaxın mövqedə yerləşdiyindən, onun müşahidəsi üçün üfüqü açıq olan ərazilər – xüsusilə dənizkənarı və şəhərdən kənar məkanlar daha uyğundur.

Bakı üçün planetləri izləmək baxımından ən münasib vaxt intervalı saat 19:10-dan 20:30-a qədər hesab olunur.

Altı planetin eyni vaxtda görünməsi bu hadisəni xüsusi edir. “Planetlərin böyük paradı” kimi tanınan bu səma hadisəsi adətən 10–20 ildən bir baş verir və axşam saatlarında bu qədər əlverişli şəraitdə müşahidə olunması olduqca nadir sayılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.