Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Səhiyyə Nazirliyi saxta yoxlamalarla bağlı obyekt sahiblərini xəbərdar edir

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz xidmət təklif edən şəxslər barədə rəsmi açıqlama verilib.

128

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalar aparılması halları ilə bağlı sahibkarlara və vətəndaşlara xəbərdarlıq edib.

Nazirliyin məlumatına görə, son vaxtlar bəzi şəxslər Mərkəzin adından istifadə edərək Bakı şəhəri və regionlarda fəaliyyət göstərən obyektlərə müraciət edir, sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar səsləndirirlər. Həmin şəxslər dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərinin zəruri olduğunu bildirir, əks halda inzibati məsuliyyət tədbirləri görüləcəyi ilə hədələyirlər.

Qurum vurğulayıb ki, qüvvədə olan qanunvericiliyə əsasən dövlət sanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnız müəyyən olunmuş prosedurla həyata keçirilir. Rəsmi yoxlama zamanı vəzifəli şəxslər xidməti vəsiqələrini təqdim etməli, yoxlamaya dair qərarın surətini və vahid məlumat reyestrində qeydiyyat çıxarışını sahibkara təqdim etməlidirlər.

Nazirlik bildirir ki, yalnız səlahiyyətli əməkdaşlar hüquqi əsaslar olduqda yoxlama apara bilər. Mərkəzin adından kommersiya xidmətləri təklif etmək və ya hədə-qorxu ilə ödəniş tələb etmək qanunsuzdur.

Belə hallarla üzləşən şəxslərdən dərhal Səhiyyə Nazirliyinin 9103 qaynar xəttinə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəsinə və ya Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermələri xahiş olunur.

Nazirlik vətəndaşları diqqətli olmağa və yalnız rəsmi mənbələrə etibar etməyə çağırıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.