Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şəhidlər xiyabanında qeyri-etik hərəkət: əcnəbilər saxlanılıb

Milli qanunlara hörmətsizlik edənlər ciddi cəzalandırılacaq

24

Bakıda bir qrup xarici vətəndaş Şəhidlər xiyabanında hörmətsiz davranış nümayiş etdirib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Polis artıq həmin şəxsləri saxlayıb və hazırda araşdırma aparılır. Onların hərəkətlərinə qanuni qiymət veriləcək.

Milli Məclisin üzvü Arzuxan Əlizadə bildirib ki, bu hadisəni törədənlərin ərəb vətəndaşları olduğu ehtimal edilir. Deputat vurğulayıb ki, Azərbaycana gələn hər bir əcnəbi dövlətimizin qanunlarına və xalqımızın dəyərlərinə hörmətlə yanaşmalıdır.

“Şəhidlərimizə qarşı göstərilən hörmətsizlik bütün Azərbaycan xalqına və dövlətinə qarşı yönəlmiş sayğısızlıqdır. Belə hallara qarşı sərt tədbirlər görülməli, həmin şəxslər qanunvericilik çərçivəsində cəzalandırılmalı və gələcəkdə ölkəyə girişləri ömürlük qadağan edilməlidir,” – deyə A.Əlizadə bildirib.

Deputat əlavə edib ki, son dövrlərdə bəzi ölkələrdən, xüsusilə ərəb ölkələrindən gələn turistlərin qeyri-etik davranışları ilə bağlı narahatedici hallar müşahidə olunur. Onun sözlərinə görə, bu halların qarşısı qətiyyətlə alınmalı, vətəndaşları olan ölkələrə rəsmi xəbərdarlıq edilməli və Azərbaycana xas davranış qaydaları onlara çatdırılmalıdır.

“Mövqeyimiz aydındır: kimliyindən asılı olmayaraq, Azərbaycan qanunlarına hörmətsizlik edən hər kəs cavab verməli və bu ölkəyə bir daha daxil olmamalıdır,” – deyə deputat vurğulayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.