Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rusiya xarici vətəndaşları Ukrayna müharibəsinə məcburi cəlb edir

128 ölkədən təxminən 18 min insan cəbhəyə göndərilib, onların bir çoxu hərbi hazırlıq keçmədən və ilk döyüşdə həlak olub

81

The Telegraph nəşrinin məlumatına görə, Rusiya hakimiyyəti saxta kadr agentlikləri və qeyri-rəsmi miqrasiya şəbəkələri vasitəsilə xarici ölkə vətəndaşlarını Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur edir.

Məlumata əsasən, cəlb olunan şəxslərin əksəriyyəti hərbi hazırlıq keçmədən və haraya göndərildiklərini tam anlamadan cəbhəyə aparılır. Onların bir çoxu isə ilk 72 saat ərzində həyatını itirir.

Araşdırmaya görə, 2025-ci ilin sonuna qədər Rusiya Afrika, Asiya və Latın Amerikası daxil olmaqla 128 ölkədən təxminən 18 min xarici vətəndaşı müharibəyə qatıb. Onlardan ən azı 3,3 min nəfəri döyüşlərdə öldürülüb. Eyni zamanda, Ukrayna tərəfindən əsir götürülən 10 min rusiyalı hərbçinin təxminən 7 faizi xarici ölkə vətəndaşıdır.

Əsir düşən əcnəbilərin bəziləri bildirir ki, onlara əvvəlcə mülki və ya arxa cəbhədə qeyri-döyüş işi təklif olunub. Lakin Rusiyaya çatdıqdan sonra onlara rus dilində sənədlər imzalatdırılıb, pasportları alınaraq birbaşa döyüş mövqelərinə göndərilib. Məsələn, Kamerundan olan bir şəxs aşpaz və ya mühafizəçi işi ilə bağlı elan görərək müraciət etdiyini, lakin nəticədə müharibəyə qatıldığını açıqlayıb.

Uqandadan olan 43 yaşlı digər bir şəxs isə Rusiyaya uçmaq üçün borc aldığını, ölkəsində ayda cəmi 50 dollar qazandığını və ona yaxşı maaşlı təmizlikçi və ya mühafizəçi işi vəd edildiyini bildirib. Amma Rusiyaya çatdıqdan dərhal sonra ona və digər üç əcnəbiyə müharibəyə göndəriləcəkləri deyilib və imtina etmək mümkün olmayıb. Onlar silahla hədələnərək sənədləri imzalamağa məcbur ediliblər və daha sonra döyüş mövqeyinə aparılıblar. Nəticədə həmin şəxs əsir düşüb.

Fransız Beynəlxalq Münasibətlər İnstitutu (IFRI) bildirir ki, Rusiya tərəfindən istifadə edilən bu üsullar insan alveri sxemlərini xatırladır və Cənub-Şərqi Asiyada fəaliyyət göstərən dələduz “call-center” əməliyyatlarına bənzəyir. Xüsusilə Afrikada əvvəllər qeyri-qanuni miqrasiya ilə məşğul olmuş vasitəçilərdən istifadə olunur və işə cəlb etmə prosesləri Rusiyada əlaqəsi olan yerli şəxslər vasitəsilə həyata keçirilir. IFRI tədqiqatçısı Tyerri Virkulon qeyd edir ki, Rusiya miqrant axınının əsas mənbəyi olan ölkələri yaxşı tanıyır və mövcud şəbəkələrdən istifadə edir. Oxşar üsullar əvvəllər Vaqner Qrupu tərəfindən Mali və Mərkəzi Afrika Respublikasında tətbiq olunub.

Son dövrlərdə cəbhədə Afrika mənşəli döyüşçülərin sayının artdığı müşahidə olunur. Bu, həm pilotsuz uçuş aparatlarının görüntülərində, həm də rusiyalı hərbçilərin çəkdiyi videolarda öz əksini tapır. Yanvarın əvvəlində yayılan bir videoda sinəsinə mina bağlanmış qaradərili muzdluya silahla hədə-qorxu gəlməklə “boz zona”dan keçməsi əmri verilir. Digər kadrlarda isə yeni gətirilmiş afrikalıların qarlı meşədə “istehlak materialı” kimi təsvir edildiyi görünür.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.