Rusiya–Ukrayna müharibəsi
Almaniya kansleri Fridrix Mertsin Milad günlərində döyüşlərin dayandırılması təklifi Moskva tərəfindən qəbul olunmadı
Almaniya kansleri Fridrix Mertsin Rusiya ilə Ukrayna arasında Milad bayramı dövründə döyüşlərin dayandırılması təşəbbüsü Moskva tərəfindən qəbul olunmayıb.
Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında bildirib ki, Rusiya müharibə şəraitində tərəflərdən birinə üstünlük qazandıracaq və ya hərbi fasilə yaradacaq müvəqqəti atəşkəs variantlarını məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, Moskva yalnız uzunmüddətli və real siyasi razılaşma perspektivi olan təşəbbüsləri müzakirə etməyə hazırdır.
Peskov vurğulayıb ki, əsas məsələ ABŞ prezidenti Donald Trampın da dəfələrlə qeyd etdiyi kimi, tərəflərin ümumi razılaşmaya yaxınlaşıb-yaxınlaşmamasıdır. Kreml nümayəndəsi əlavə edib ki, əgər Kiyev münaqişənin köklü həllinə deyil, qısa müddətli və işlək olmayan mexanizmlərə üstünlük verərsə, Rusiya bu prosesdə iştirak etməyəcək.
Rusiya tərəfi mövqeyinin həm Ukrayna, həm də ABŞ tərəfindən yaxşı bilindiyini qeyd edərək, məqsədlərinin müharibəni öz şərtləri daxilində başa çatdırmaq, təhlükəsizlik maraqlarını təmin etmək və Avropada uzunmüddətli sabitliyə zəmanət vermək olduğunu açıqlayıb.
Xatırladaq ki, Milad günlərində atəşkəs ideyasını Fridrix Merts Berlində Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirmişdi. Kansler humanitar baxımdan belə bir fasilənin mümkün ola biləcəyini və bunun sülhə aparan ilk addım kimi qiymətləndirilə biləcəyini bildirmişdi.
Ukrayna prezidenti Volodimir Zelenski isə təşəbbüsə dəstək verdiyini açıqlayıb. Onun sözlərinə görə, bu təklif rəsmi şəkildə irəli sürülüb və ABŞ tərəfindən də müsbət qarşılanıb. Zelenski Milad atəşkəsinin humanitar baxımdan mühüm əhəmiyyət daşıdığını və dinc əhali üçün qısa müddətli rahatlıq yarada biləcəyini vurğulayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.