Regionda yeni siyasi mərhələ
Ermənistan Türkiyə və Pakistanla münasibətləri normallaşdırmağa çalışır – sərhədlərin açılması üçün əsas şərt isə yekun sülh sazişidir
Vaşinqtonda 8 avqust tarixində Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalardan sonra bölgədə sülhün möhkəmləndirilməsi istiqamətində yeni mərhələ başlayıb. Bu proses fonunda Ermənistan həm Azərbaycanla münasibətlərin normallaşmasına, həm də region dövlətləri – xüsusilə Türkiyə və Pakistanla əlaqələrin inkişafına maraq göstərir.
İrəvanın əsas prioritetlərindən biri Türkiyə ilə sərhədlərin açılmasıdır. Ankara isə bu məsələdə mövqeyini aydın şəkildə ifadə edib: sərhədlərin açılması yalnız Azərbaycanla yekun sülh sazişi imzalandıqdan sonra mümkün ola bilər.
Avqustun 31-də Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın xarici işlər naziri İshaq Dar arasında görüş keçirilib. Tərəflər münasibətlərin qurulmasına dair kommunike imzalayıblar. Bu addımın Azərbaycanın razılığı ilə atıldığı xüsusi vurğulanır. Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupunun üzvü Nəsib Məhəməliyev də bildirib ki, Pakistan belə bir protokol imzalamazdan əvvəl Bakının mövqeyi nəzərə alınıb.
Deputatın sözlərinə görə, 8 avqust razılaşması ilə bölgədə yeni siyasi reallıqlar yaranıb və artıq sülh istiqamətində daha konstruktiv addımlar atılır:
“Azərbaycanla Ermənistan arasında qarşıdurma ritorikasından imtina edilməsi vacibdir. Ermənistan hakimiyyəti də bunun fərqindədir. Region ölkələri – Azərbaycan, Ermənistan və Türkiyə – eyni hədəfə yönəlməli, qarşılıqlı anlaşma ilə hərəkət etməlidir. Türkiyənin sərhədlərin yalnız yekun sülh sazişindən sonra açılması mövqeyi prinsipial və doğrudur”.
Nəsib Məhəməliyev həmçinin qeyd edib ki, Pakistanın Ermənistanla diplomatik münasibətlər qurması normal qəbul olunur:
“Pakistan Ermənistanla coğrafi baxımdan uzaqdadır. Amma Türkiyə-Ermənistan münasibətləri məsələsində situasiya tam fərqlidir. Ermənistan cəmiyyətində hələ də revanşist qüvvələr mövcuddur. Buna görə də Türkiyə sərhədlərinin açılması yalnız yekun sülh sazişi imzalandıqdan sonra mümkündür. Azərbaycan Prezidentinin bu istiqamətdə işlənmiş dəqiq strategiyası var və həmin strategiya ardıcıllıqla həyata keçirilir”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.