Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rəqəmsal xidmətlər yüksəlir

“mygov” platformasında istifadəçi sayı 2 milyonu ötərək rekord göstəriciyə çatdı

21

Ölkənin əsas rəqəmsal hökumət platforması olan “mygov” artıq 2 milyon istifadəçini geridə qoyub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən verilən məlumata görə, 2025-ci il ərzində həm veb, həm də mobil tətbiq vasitəsilə platformaya qoşulan vətəndaşların sayı əhəmiyyətli şəkildə artıb. Cari il ərzində 1 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçib ki, bu da ötən il ilə müqayisədə iki dəfədən çoxdur. Platformadan aktiv istifadə edən, davamlı olaraq sistemə daxil olan istifadəçilərin sayı isə təxminən 800 min nəfərdir.

Hazırda “mygov” üzərindən 400-dən çox rəqəmsal xidmət təqdim olunur. Ən çox istifadə edilən funksiyalar arasında şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ailə tərkibi, nikah və iş yeri məlumatlarının əldə edilməsi yer alır. İstifadəçilər əsasən QR paylaşımı və sənəd yükləmə imkanlarından yararlanırlar. Cari ildə platformada təqdim olunan 69 rəqəmsal sənəd və məlumatdan istifadə sayı keçən il ilə müqayisədə iki dəfə artaraq 2,2 milyona çatıb.

Ən populyar xidmətlər sırasında məhkumluq arayışları, mobil cihazların qeydiyyatı, ailə üzvləri barədə arayışlar, subaylıq arayışları və nəqliyyat vasitələrindən istifadə üçün etibarnamə xidmətləri üstünlük təşkil edir. Həmçinin, 37 dövlət xidməti yenidən tərtib olunaraq rəqəmsallaşdırılıb. Bu xidmətlərə müraciətlərin sayı ötən il ilə müqayisədə 10 dəfədən çox artaraq 220 mindən çox olub.

İstifadəçi artımına “mygov ID” funksiyası böyük təsir göstərib. Bu funksiya vətəndaşlara QR kod vasitəsilə dövlət və özəl qurumların sistemlərinə sürətli giriş imkanı təqdim edir. Həmçinin “İcazələrin idarə edilməsi” funksiyası fərdi məlumat paylaşımını nəzarət altında saxlayaraq platformanı daha təhlükəsiz və rahat edib. Yeni əlavə olunan dövlət qurumlarına məktub göndərmə və alma funksiyası isə rəqəmsal xidmət təcrübəsini daha da yüksəldib.

“mygov” tətbiqi vasitəsilə vətəndaşlar məhkumluq arayışları, ailə vəziyyəti, təhsil və hərbi xidmət məlumatları, etibarnamələr, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc və səhiyyə məlumatları, iş yeri arayışları, əmək müqavilələri, işğaldan azad edilmiş ərazilərə səfər icazələri, bank kartları ilə ödəniş imkanları və digər xidmətlərdən istifadə edə bilirlər. Həyat hadisələri ilə bağlı xidmətlər – nikah, doğum və ölüm haqqında şəhadətnamələr də platforma vasitəsilə vətəndaşlar üçün daha rahat və əlçatan olub.

Platformanın imkanlarının genişlənməsi və istifadə rahatlığının artırılması fonunda bu artım tendensiyasının gələcəkdə də davam edəcəyi gözlənilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.