Qarabağ Universitetində Tibb fakültəsi və klinika fəaliyyətə başlayır
Yeni tədris ili ilə birlikdə açılacaq klinika regionun tibbi kadr hazırlığında mühüm rol oynayacaq
Qarabağ Universitetində 2024/2025-ci tədris ilindən Tibb və Sağlamlıq Elmləri fakültəsi fəaliyyət göstərəcək. Fakültənin yerləşdiyi yeni tədris korpusu müasir standartlara uyğun avadanlıqlarla təchiz olunub.
Fakültə dekanı və universitet klinikasının rəhbəri Samir Babayevin sözlərinə görə, binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, imtahan və iş otaqları, kitabxana, brifinq zalları, həmçinin istirahət zonaları yaradılıb. Burada mikrobiologiya və histologiya laboratoriyaları, hüceyrə yetişdirmə bölmələri və digər inzibati otaqlar fəaliyyət göstərəcək.
Dekanın sözlərinə görə, fakültədə tibb ixtisası üzrə 6 illik, tibb bacısı ixtisası üzrə isə 4 illik təhsil proqramları tətbiq ediləcək. Proqramlar yerli və xarici mütəxəssislərin beynəlxalq təcrübələr əsasında hazırladığı müasir model üzərində qurulub. Tələbələr nəzəri biliklərini Qarabağ Universitetinin klinikasında praktik vərdişlərlə möhkəmləndirəcəklər.
Klinika mərhələli şəkildə istifadəyə veriləcək. İlk olaraq poliklinika bölməsi fəaliyyətə başlayacaq. 22 ixtisas üzrə həkimlərin cəlb ediləcəyi bu mərhələdən sonra 2026-cı ilin martında təcili yardım mərkəzi açılacaq. Son mərhələdə isə stasionar şöbə fəaliyyətə başlayacaq.
S. Babayev bildirib ki, klinikanın əsas hədəfi regionda ixtisaslı tibbi kadrların yetişdirilməsi, əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi və elmi-tədqiqat işlərinin aparılmasıdır:
“Bu, həm universitetin beynəlxalq nüfuzunu artıracaq, həm də ölkəmizdə tibb elminin inkişafına töhfə verəcək. Gələcək planlar arasında elmi araşdırma mərkəzlərinin, ana və uşaq sağlamlıq mərkəzinin və kardiologiya mərkəzinin yaradılması da var”.
Qeyd edək ki, Qarabağ Universitetinin klinikası Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı fərman əsasında təsis edilib. Klinikada 23 həkim otağı, laboratoriyalar, rentgen, MRT, KT, angio və təcili yardım bölmələri fəaliyyət göstərəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.