Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pensiya və müavinətlər vaxtından əvvəl ödəniləcək

Novruz və Ramazan bayramları ərəfəsində mart ayına aid sosial ödənişlərin qrafikdən əvvəl verilməsi planlaşdırılır

114

Qarşıdan gələn Novruz və Ramazan bayramları ilə əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin vaxtından əvvəl ödənilməsi planlaşdırılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, martın 6-da Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə mart ayının pensiyalarının verilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında isə bu ayın pensiya ödənişlərinə artıq start verilib.

Novruz və Ramazan bayramları ərəfəsində ölkənin digər şəhər və rayonlarında yaşayan pensiyaçıların, o cümlədən güzəştli şərtlərlə pensiya alan şəxslərin vəsaitlərinin də vaxtından əvvəl köçürülməsi planlaşdırılır.

Bununla yanaşı, mart ayına aid müavinət və təqaüdlərin də bayramlara qədər qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.