Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pensiya artımları fevral ayında ödəniləcək

2026-cı il üçün əmək pensiyalarının indeksləşdirilməsi üzrə sərəncam fevralın ilk ongünlüyündə imzalanacaq və artımlar bütün növ pensiya alanlara şamil olunacaq

293

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli 2026-cı il üçün nəzərdə tutulan pensiya artımları ilə bağlı açıqlama verib.

Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən, əmək pensiyaları ildə bir dəfə indeksləşdirilir və bu proses adətən növbəti ilin əvvəlində həyata keçirilir. Onun sözlərinə görə, pensiyaların artırılması “Əmək pensiyaları haqqında” Qanunun tələblərindən irəli gəlir və bu, pensiyaçıların qanunla təsbit olunmuş hüququdur.

Ə.Məsimli qeyd edib ki, pensiyaların nə qədər artırılacağı ilə bağlı prezident sərəncamının fevral ayının ilk ongünlüyündə imzalanması gözlənilir. Artımın məbləği Dövlət Statistika Komitəsinin elan etdiyi əvvəlki il üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun müəyyən ediləcək.

Deputat xatırladıb ki, ötən il əmək pensiyaları 2024-cü ilin orta aylıq əməkhaqqının artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilmişdi. Bu il isə ilkin göstəricilərə əsasən, 2025-ci ildə orta əməkhaqqı təxminən 9–9,2 faiz artıb. Dəqiq faiz göstəricisi Statistika Komitəsinin rəsmi açıqlamasından sonra məlum olacaq.

Onun sözlərinə görə, indeksləşdirmədən sonra median səviyyədə – təxminən 360 manat olan pensiyaların 390 manata yaxınlaşacağı, orta pensiya məbləğinin isə 590 manata çatacağı gözlənilir.

Ə.Məsimli vurğulayıb ki, pensiya artımı əmək pensiyasının bütün növlərinə – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alanlara şamil olunacaq. Bu artımlar ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edəcək.

Deputat pensiyaçıların yanvar ayında artımlı pensiya almamasının səbəbinə də aydınlıq gətirib. Bildirib ki, 2025-ci il üzrə orta illik əməkhaqqı göstəricisi hələlik açıqlanmadığından, yanvar ayı üzrə ödənişlər əvvəlki məbləğdə həyata keçirilib. Artan məbləğlər yanvar və fevral ayları üzrə hesablanaraq fevralda birlikdə ödəniləcək.

Bundan əlavə, Ə.Məsimli fərdi pensiya kapitallarının da indeksləşdiriləcəyini deyib. Qanuna əsasən, fərdi şəxsi hesablardakı pensiya kapitalı inflyasiya səviyyəsinə uyğun artırılır. Bu əsasla 2026-cı ildə fərdi pensiya kapitalının 5,6 faiz indeksləşdirilməsi nəzərdə tutulur.

Deputat sonda qeyd edib ki, pensiyaların hər il artırılması müsbət addımdır, lakin bu artımların real təsir göstərməsi üçün qiymət artımlarını məhdudlaşdıran ciddi antiinflyasiya tədbirlərinin görülməsi vacibdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.