Bizimlə həyatınız həmişə işıqlı olacaq!

NATO-dan Trampın Qrenlandiya hədələrinə sərt reaksiya: Transatlantik birliyə zərbə

Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveç ABŞ-ın gömrük rüsumları hədələrini qəbuledilməz hesab edir və vahid cavab veriləcəyini açıqlayıb.

84

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı hədələri səkkiz NATO ölkəsinin liderləri tərəfindən sərt şəkildə tənqid olunub. Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveç birgə bəyanat yayıb, bunun transatlantik əməkdaşlığa zərər verə biləcəyini vurğulayıb.

Sənəd Almaniya hökumətinin mətbuat xidməti tərəfindən təqdim olunub. Bəyanatda bildirilir ki, ölkələr Danimarka və Qrenlandiya ilə tam həmrəylik nümayiş etdirir və suverenlik prinsiplərinə əsaslanan dialoqa açıqdırlar.

Eyni zamanda qeyd olunub ki, ABŞ-ın rüsum tətbiqi hədələri münasibətləri pozur və ciddi risklər daşıyır. NATO üzvləri vahid cəbhə kimi davranmaq və suverenliklərini qorumaqda qətiyyətli olduqlarını bəyan ediblər.

Sənəddə Arktika regionunda təhlükəsizliyin təmin edilməsinin NATO-nun ümumi məsuliyyəti olduğu da vurğulanıb və Danimarkanın koordinatorluğu ilə keçirilən “Arctic Endurance” təlimlərinin heç bir tərəf üçün təhlükə yaratmadığı qeyd olunub.

Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-ın Qrenlandiyanı “tam və birdəfəlik əldə etməsi” təmin olunana qədər adıçəkilən səkkiz ölkədən 10% idxal rüsumu tutulacağını açıqlamışdı.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.