Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Müəllimlərin illik məzuniyyətindən istifadə qaydası yeniləndi

Yeni dəyişikliklə tədris ili ərzində də məzuniyyət götürmək imkanları açıq şəkildə təmin olunub

287

Pedaqoji işçilərin əmək məzuniyyətindən istifadə imkanlarında yenilik edilib. Ötən ilin dekabrında Əmək Məcəlləsinə edilən dəyişikliklərlə müəllimlər yalnız yay tətili dövründə deyil, müəyyən hallarda tədris ili ərzində də məzuniyyət götürə biləcəklər.

Yeni qaydaya əsasən, Məcəllənin 131-ci maddəsinin 5-ci hissəsindəki “bir qayda olaraq, məktəblərdə yay tətili dövründə” ifadəsi “məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində” sözləri ilə əvəz edilib. Bu, müəllimlərin məzuniyyət hüququndan daha çevik şəkildə yararlanmasını təmin edir.

Nazirlik bildirir ki, əvvəlki redaksiyada norma qeyri-dəqiq olduğundan bəzi hallarda müəllimlər tədris ili ərzində məzuniyyət istəsələr də, işəgötürənin razılığı olsa belə, bu mümkün olmurdu. Dəyişikliyin əsas məqsədi hüquqi aydınlığı təmin etmək və müəllimlərin illik məzuniyyət hüququnu rahat şəkildə istifadə etməsinə şərait yaratmaqdır.

Qanuna görə, məzuniyyət yalnız işçinin yazılı ərizəsi əsasında rəsmiləşdirilir. Əmək Məcəlləsinin 138-ci maddəsinə uyğun olaraq, ərizə kağız və ya elektron sistem vasitəsilə təqdim olunur və işəgötürən müvafiq əmri ilə təsdiq edir. Pedaqoji işçilər üçün əsas məzuniyyət dövrü hələ də yay tətilidir, bu, tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilədir.

Tədris ili ərzində məzuniyyət üçün konkret “xüsusi hallar” qanunda sadalanmayıb. Nazirliyin açıqlamasına görə, bu, ailə, sağlamlıq və ya digər sosial zərurətlərdən irəli gələ bilər. Müəllim belə hallarda məzuniyyətin müddətini və başlanma tarixini göstərərək işəgötürənə yazılı müraciət etməli və mümkün olduqda bunu təsdiqləyən sənəd əlavə etməlidir.

İşəgötürən isə qərar verərkən dərs prosesinin fasiləsizliyini, kadr təminatını və dərs yükünün balansını nəzərə almalıdır. Əgər razılıq verilmirə isə müəllim məzuniyyətdən yalnız yay tətili dövründə yararlana bilər. Həmçinin, imtina zamanı ayrı-seçkiliyin yolverilməzliyi prinsipi tətbiq olunur və əmək mübahisəsi yaranarsa, müəllim imtinanın səbəbini yazılı şəkildə öyrənə bilər.

Əlavə olaraq, məzuniyyət müddətində dərslərin əvəzlənməsi işəgötürənin səlahiyyətləri çərçivəsində tənzimlənir. Müəllim əmək hüquqlarının pozulduğunu düşündükdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilər.

Beləliklə, dəyişiklik müəllimlərə əlavə məzuniyyət haqqı yaratmasa da, illik məzuniyyətdən istifadə imkanlarını daha çevik edir və tədris ili ərzində sosial zərurət yarandıqda onların hüququnu reallaşdırmağa şərait yaradır. (“Azərbaycan müəllimi”)

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.