Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdən Moskvaya uzanan peşə yolu

Keçmiş baş rejissor Vüsal Mehrəliyev Azərbaycandakı teatr islahatlarını şərh edərək hazırda Rusiyada pedaqoji fəaliyyətlə məşğul olduğunu açıqladı

192

Mingəçevir Dövlət Dram Teatrının sabiq baş rejissoru Vüsal Mehrəliyev artıq iki ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərmir. Onun sözlərinə görə, teatrdan ayrıldıqdan sonra həyatını Moskvada davam etdirir və hazırda Moskva vilayətində yerləşən teatr kollecində rejissorluq və aktyorluq üzrə dərslər keçir.

Bu barədə Vüsal Mehrəliyev “Yeni Sabah”a açıqlamasında məlumat verib. O bildirib ki, Mingəçevirdə çalışdığı dövrdə teatrda baş rejissor vəzifəsi faktiki olaraq mövcud olmayıb və yalnız direktor əvəzi fəaliyyət göstərib. Mehrəliyev qeyd edib ki, artıq 2 ildən artıqdır Rusiyada yaşayır və pedaqoji fəaliyyətlə məşğuldur.

Keçmiş baş rejissor Azərbaycanda dövlət teatrlarında bəzi vəzifələrin ləğv edilməsi məsələsinə də münasibət bildirib. O, bu qərarı tam dəyərləndirməyin çətin olduğunu desə də, teatrın baş rejissorsuz fəaliyyət göstərməsinin mümkünsüzlüyünü vurğulayıb. Onun fikrincə, teatrın bədii xəttini müəyyən edən əsas fiqur məhz rejissordur.

Mehrəliyev əlavə edib ki, teatrda bir neçə rejissorun olması normaldır, lakin onların hamısının vahid yaradıcılıq istiqamətində çalışması vacibdir. Bu koordinasiyanı isə yalnız baş rejissor təmin edə bilər. O qeyd edib ki, vəzifənin adının dəyişdirilməsi mahiyyəti dəyişmir və müasir teatr sistemində rejissor həlledici rol oynayır.

Qeyd edək ki, Vüsal Akif oğlu Mehrəliyev 2016–2022-ci illərdə Moskvada B.Şukin adına Teatr İnstitutunda teatr rejissorluğu ixtisası üzrə təhsil alıb. 2022-ci ildə Mədəniyyət Nazirliyinin əmri ilə Mingəçevir Dövlət Dram Teatrına baş rejissor təyin edilib və bu vəzifəni təxminən iki il icra edib. O, həmçinin bir sıra film, serial və televiziya tamaşalarında aktyor kimi də iştirak edib. Hazırda Moskvada yaşayır və peşəkar fəaliyyətini orada davam etdirir.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının yeni strukturu təsdiqlənib. Qəbul edilən qərara əsasən, “Teatr və teatr fəaliyyəti haqqında” qanuna uyğun olaraq bədii rəhbər, baş rejissor, baş rəssam kimi vəzifələr ləğv edilib, onların yerinə isə yaradıcılıq, tərtibat, maliyyə və marketinq yönümlü şöbələr yaradılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.