Mingəçevirdə Şura iclası keçirildi
Nəqliyyat, rabitə və idman sahələrində görülən işlər müzakirə olunub
Sentyabrın 24-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
İclasda şura üzvləri, icra aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Toplantını açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin tapşırıqları əsasında şəhərdə görülən işlər barədə məlumat verib.
Daha sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax Regional İdarəsinin rəisi Elvin Zakirov şəhərdaxili nəqliyyatın vəziyyəti ilə bağlı çıxış edib. Aparılan müzakirələrdən sonra İlham İsmayılov mövcud marşrut xətlərində xidmətin qənaətbəxş olmadığını vurğulayaraq avtobusların yenilənməsi və nizam-intizamın gücləndirilməsi üçün tapşırıqlar verib. O həmçinin məlumat verib ki, sentyabrın 26-dan etibarən Ağstafa–Mingəçevir marşrutu üzrə gündə iki dəfə qatar reysləri fəaliyyətə başlayacaq.
Əhaliyə göstərilən rabitə xidmətləri ilə bağlı “Aztelekom” MMC-nin Aran Regional Filialının Mingəçevir şöbə müdiri Kənan Şükürov çıxış edərək qeyd edib ki, şəhərdə 12 minə yaxın abonentə müasir GPON internet xətti çəkilib, televiziya, telefon və internet xidmətlərində yeniliklər tətbiq olunub. Artıq köhnə rabitə xətlərinin sökülməsinə də başlanılıb.
İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov şəhərdə idmanın inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib. Son illərdə nümunəvi məhəllələrdə, park və istirahət məkanlarında gənclər üçün onlarla idman qurğusu quraşdırıldığı diqqətə çatdırılıb.
İdman klublarının rəhbərləri də çıxış edərək yeniyetmələrin yarışlarda əldə etdikləri uğurlar barədə məlumat veriblər.
Sonda iclasda müzakirə olunan məsələlər üzrə təkliflər nəzərə alınmaqla qərar layihələri qəbul edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.