Mingəçevirdə sakinlərlə növbəti səyyar görüş
İcra başçısı İlham İsmayılov vətəndaşların problemlərini dinlədi, həlli üçün tapşırıqlar verdi
Avqustun 12-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü M.Maqomayev küçəsindəki 50 saylı binanın qarşısında keçirilib. Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, Mingəçevir Bələdiyyəsi, idarə və müəssisə rəhbərləri, media nümayəndələri və müxtəlif binalardan gələn sakinlər iştirak ediblər.
İlham İsmayılov çıxışında Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən səyyar görüşlərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, cari ilin əvvəlindən şəhərin müxtəlif ərazilərində əsaslı təmir işləri görülüb, məhəllələrdə nümunəvi şərait yaradılıb, istirahət məkanlarında və xiyabanlarda yeni layihələr həyata keçirilib.
Sakinlər abadlıq-quruculuq işlərinə görə minnətdarlıqlarını ifadə etməklə yanaşı, bir sıra problemləri də səsləndiriblər. Qaldırılan məsələlər sırasında köhnə binalardakı zibil sahələrinin antisanitar vəziyyətdə olması, gəmirici çoxalması, dezinfeksiya işlərinin vaxtında aparılmaması, üfunət qoxusunun yayılması, ağacların budanması və suvarılması üçün texniki su xəttinin çəkilməsi, oturacaq və kölgəliklərin quraşdırılması, istilik sisteminin olmaması, habelə xeyir-şər evinə qaz xəttinin çəkilişi kimi mövzular yer alıb.
İcra başçısı müvafiq qurumlara qısa müddətdə problemlərlə yerində tanış olub həlli barədə məlumat vermək, dezinfeksiya tədbirlərini gücləndirmək tapşırığını verib. O, istilik sisteminin bərpası məsələsinə də toxunaraq bildirib ki, “Azəristiliktəchizat” ASC ilə birlikdə şəhərdəki 17 qazanxananın mərhələli şəkildə bərpası üçün plan hazırlanıb və təqdim edilib. Vəsait ayrıldığı təqdirdə layihənin icrasına başlanılacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.