Mingəçevirdə köhnə avtobuslar narazılıq doğurur
7 və 8 saylı marşrutlarda sərnişinlər daha rahat və müasir nəqliyyat gözləyir
Mingəçevirdə ictimai nəqliyyatda ən böyük narazılıqlardan biri köhnə avtobuslarla bağlıdır. Şəhərdə müxtəlif istiqamətlər üzrə marşrut xətləri fəaliyyət göstərsə də, həmin xətlərdə işləyən nəqliyyat vasitələrinin əksəriyyəti artıq istifadəyə yararsız hala düşüb.
Xüsusilə 7 və 8 saylı marşrutlarda hərəkət edən avtobus və mikroavtobusların böyük hissəsi köhnədir. Salonlarda kondisioner və havalandırma sistemi yoxdur, texniki vəziyyət isə sərnişinləri ciddi narahat edir.
Şəhər sakini Mürşüd Məmmədov bildirir:
“Hər gün bu marşrutlardan istifadə edirəm. Avtobusların çoxu sovet dövründən qalıb, köhnə, sınıq-salxaqdır. İsti yay günlərində içəridə nəfəs almaq olmur. Daha rahat və müasir avtobusların xəttə buraxılması çox vacibdir”.
Fiziki məhdudiyyətli Məhəmməd Məmmədov da mövcud vəziyyətdən narazıdır:
“Bu avtobuslara minib-düşmək çox çətindir. Salon çox darısqaldır. Yayda toz-torpaq, qışda isə palçıq içəri dolur. Mənim kimi əlilliyi olan insanlar üçün bu, böyük əziyyətdir”.
Məsələ ilə bağlı rəsmi qurumlardan isə bildirilib ki, regionlarda sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir. Marşrut şəbəkəsi təhlil olunur, müsabiqələr keçirilir və avtobus parkının yenilənməsi üçün daşıyıcılara göstərişlər verilir.
Qeyd edək ki, son vaxtlar Mingəçevirin 3 və 5 saylı marşrut xətlərində yeni avtobuslar istifadəyə verilib. Sakinlər bu dəyişikliyi müsbət qarşılayır, amma ümid edirlər ki, yenilənmə 7 və 8 saylı xətləri də əhatə edəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.