Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir səhnəsinin əvəzolunmaz aktyoru dünyasını dəyişdi

Əməkdar artist Akif Mirabov uzun sürən xəstəlikdən sonra vəfat etdi

48

Azərbaycan mədəniyyəti ağır itki ilə üzləşib. Azərbaycan Respublikasının Əməkdar artisti, Mingəçevir Dövlət Dram Teatrının tanınmış aktyoru, Azərbaycanın Milli Qəhrəmanı Rəşad Mirabovun atası Akif Mirabov 2025-ci il noyabrın 15-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

1947-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olan Akif Əhməd oğlu Mirabov sənət fəaliyyətinə 1965-ci ildə Xalq Teatrında başlayıb. 1968-ci ildən etibarən Mingəçevir Dövlət Dram Teatrında çalışaraq 2017-ci ilə qədər teatr səhnəsinin aparıcı aktyorlarından biri kimi fəaliyyət göstərib.

Akif Mirabov Azərbaycan teatr sənətinin inkişafında mühüm rola malik sənətkarlardan biri kimi yadda qalıb. Onun yaratdığı çoxsaylı səhnə obrazları tamaşaçıların yaddaşında dərin iz buraxıb. O, şəhərin ictimai həyatında fəal mövqeyi, sənətə bağlılığı və gənclərə göstərdiyi diqqət ilə tanınıb.

Sənətkar fəaliyyəti dövründə 2000-ci ildə “Əməkdar artist” fəxri adına, 2013-cü ildə “Tərəqqi” medalına, 2019-cu ildə isə Prezidentin Fəxri diplomuna layiq görülüb. Həmçinin müxtəlif qurumlar tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif edilib.

Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir.
Allah rəhmət eləsin.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.