Milli Məclisdə qanunvericilik təşəbbüsü
Deputat Tahir Mirkişili elektron siqaretlərin idxalı, satışı və istifadəsinin qadağan edilməsini ictimai sağlamlıqla əsaslandırdı
Milli Məclisdə elektron siqaretlərlə bağlı qanunvericiliyə dəyişikliklər müzakirə olunub. Maye halında buxarlanan elektron siqaretlərin ölkəyə gətirilməsi, istehsalı, satışı və istifadəsinin qadağan edilməsini nəzərdə tutan təşəbbüs deputatlar tərəfindən birgə müzakirəyə çıxarılıb.
Millət vəkili Tahir Mirkişili sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişikliklər ictimai sağlamlığın qorunması baxımından vacib və vaxtında atılmış addımdır. Onun sözlərinə görə, artıq 40-dan çox ölkə bu tip məhsullara qadağa tətbiq edib.
Deputat qadağanın əsas səbəblərini belə izah edib:
Birinci səbəb elektron siqaretlərin xüsusilə yeniyetmələr və gənclər arasında nikotin asılılığını sürətlə yaymasıdır. Dadlandırılmış mayelər, cəlbedici görünüş və aqressiv reklam bu məhsulları “zərərsiz alternativ” kimi təqdim edir və gənclərin istifadəyə başlamasını asanlaşdırır. Bu isə gələcəkdə həm nikotin asılılığının dərinləşməsinə, həm də adi tütün məmulatlarına keçid riskinin artmasına səbəb olur.
İkinci səbəb bu məhsulların tərkibinə nəzarətin çətinliyidir. Bazarda qeyri-standart, qeyri-qanuni və mənşəyi bilinməyən elektron siqaretlərin geniş yayılması ciddi risk yaradır. Bu məhsullarda olan kimyəvi maddələrin buxar şəklində orqanizmə daxil olması, xüsusilə tənəffüs yollarına ciddi zərər vurur və bu təhlükələr beynəlxalq səviyyədə elmi araşdırmalarla sübut olunub.
Üçüncü səbəb isə qadağanın dövlətin uzunmüddətli səhiyyə və iqtisadi siyasətinə uyğun olmasıdır. Tahir Mirkişili qeyd edib ki, xəstəliklər yarandıqdan sonra müalicəyə böyük vəsait xərcləməkdənsə, risk yaradan amillərin əvvəlcədən məhdudlaşdırılması daha effektiv və qənaətcil yanaşmadır.
Deputat vurğulayıb ki, bu qərar yalnız fərdi sağlamlığın deyil, ailələrin sosial rifahının və ümumi əmək məhsuldarlığının qorunmasına xidmət edir. Onun fikrincə, elektron siqaretlərin idxalından istifadəsinədək bütün zəncir üzrə qadağan olunması xüsusilə gənclərin müdafiəsi və gələcəkdə səhiyyə sisteminə düşən yükün azaldılması baxımından ictimai maraqlara cavab verir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.