Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Martın 9-da 58 mindən çox şagird buraxılış imtahanı verəcək

İmtahan ölkənin 30-dan çox şəhər və rayonunda təşkil olunacaq, təhlükəsizlik və nəzarət tədbirləri gücləndirilib

94

Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında 58 138 şagirdin iştirakı nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami və Pirallahı rayonlarında, həmçinin Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb daxil olmaqla), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx və Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda təşkil olunacaq. Həmin gün tədrisi ingilis dilində aparılan məktəblərin şagirdləri də imtahan verəcəklər.

İmtahan saat 11:00-da başlayacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar. Şagirdlərin binaya rahat daxil olması üçün fərqli gəlmə vaxtları müəyyən edilib və bu saatlar onların buraxılış vərəqəsində göstərilib.

İştirakçılar imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində foto olmayan şagirdlər əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkilli və möhürlə təsdiqlənmiş arayış gətirməlidirlər. Buraxılış vərəqələri fevralın 24-dən etibarən DİM-in rəsmi saytından çap edilə bilər.

İmtahanların təşkili üçün ölkə üzrə 236 bina və 4311 zal ayrılıb. Prosesə 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılış rejimi əməkdaşı (mühafizə) və 236 bina nümayəndəsi cəlb olunub.

Buraxılış imtahanında 52 nəfər sağlamlıq imkanları məhdud şagird də iştirak edəcək. Onların rahat imtahan verməsi üçün xüsusi zallar ayrılıb, zərurət olduqda fərdi nəzarətçilər təyin edilib və hərəkət məhdudiyyətli iştirakçılar üçün müvafiq şərait yaradılıb. Bu kateqoriyadan olan nəzarətçilər üçün xüsusi təlimlər keçirilib.

Hazırda imtahan prosesində iştirak edəcək əməkdaşlarla təlim-seminarlar davam edir, imtahan binalarına baxış keçirilib və təhlükəsizlik tədbirləri gücləndirilib. Mərkəzlər möhürlənərək mühafizə altına götürülüb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.