Kiberhiyləgərliyə qarşı xəbərdarlıq
DİN vətəndaşları bank kartı məlumatlarını paylaşmamağa çağırır
Daxili İşlər Nazirliyi vətəndaşları kibertələlərə qarşı ayıq-sayıq olmağa çağırır. Nazirliyin mətbuat xidmətinin bildirdiyinə görə, dələduzlar zəng, mesaj və ya link vasitəsilə “mütəxəssislər kartınıza müdaxilə edib, vəsaitiniz oğurlanmaq təhlükəsindədir” tipli müraciətlər edərək insanlardan bank kartlarının məxfi məlumatlarını tələb edirlər.
Hətta görüntülü zəng etməklə və ya telefonun dilini dəyişdirib təlimatlar verərək insanları aldatmağa çalışırlar. Nazirlik bir daha xatırladır ki, heç bir bank əməkdaşı vətəndaşa zəng edib onun tam kart nömrəsini, PİN, CVV və ya OTP kodlarını tələb etmir, link göndərib həmin məlumatları daxil etməsini xahiş etmir.
Rəsmi açıqlamada bildirilib ki, bank əməkdaşları yalnız kartın ilk və ya son 4 rəqəmini, sistemdə qeydiyyatda olan telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin FİN kodunu soruşa bilər. Tam kart nömrəsi, PİN, CVV, OTP və ya digər məxfi məlumatları istəyən şəxslərə inanmamaq və dərhal əlaqəni kəsmək tövsiyə olunur.
Nazirlik vətəndaşlara tövsiyə edir: şübhəli zəng və ya mesaj aldıqda əlaqəni kəsin, heç bir şəxsi və ya bank məlumatını paylaşmayın və mümkün olduqda dərhal bankın rəsmi əlaqə vasitəsi ilə vəziyyəti təsdiq edin. Birgə diqqət və ehtiyatla kartlarımızın təhlükəsizliyini qoruya bilərik.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.