Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İstilik borcu artır: Abonentlərin ödənilməmiş məbləği 4,4 milyon manatı keçib

“Azəristiliktəchizat” mövsümə hazırlıqları başa çatdırıb, borclularla bağlı 31 məhkəmə işi icra mərhələsindədir.

25

Azərbaycanda istilik xidmətinə görə abonentlərin ümumi borcu 4 milyon 444 min 523 manata çatıb. Bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib.

Onun sözlərinə görə, qurumun balansında olan 1000 kilometrdən artıq istilik xətləri yeni mövsümə hazırlıq çərçivəsində dəfələrlə hidravlik sınaqlardan keçirilib. Axıntı və qəza riski müəyyən edilən sahələrdə cari və əsaslı təmir-bərpa işləri görülüb.

Elvin Basqallı bildirib ki, “Azəristiliktəchizat” ASC-nin tabeliyindəki 550 qazanxana tam yoxlanılıb və istilik mövsümünə hazır vəziyyətə gətirilib. Ümumilikdə 80 mindən çox avadanlıq sazlanaraq istismara hazır olub.

Rəsmi məlumata əsasən, 2023-cü ildə əhali abonentləri üzrə ödəniş səviyyəsi 71,3 faiz, ümumi göstərici isə 86,8 faiz təşkil edib. 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 77,6 və 89,3 faiz olub. 2025-ci ilin nəticələrinə görə isə əhali üzrə ödəniş faizi 88,9, ümumi göstərici isə 88,7 faiz səviyyəsində qeydə alınıb.

Hazırda ümumiyyətlə ödəniş etməyən abonentlərin əsas hissəsi qaçqın və məcburi köçkünlər üçün salınan qəsəbələrdə yaşayır. Qurumun məlumatına görə, borcların azaldılması üçün həm media vasitəsilə, həm də fərdi xəbərdarlıqlar, eləcə də binaların girişlərinə asılan elanlar vasitəsilə təbliğat aparılır.

“Hazırda ödənişdən yayınan bəzi istehlakçılarla bağlı 31 məhkəmə işi icra mərhələsindədir. Həmin işlər “Azəristiliktəchizat” ASC tərəfindən məhkəməyə təqdim edilib,” – deyə məlumatda qeyd olunub.

Tarif (qiymət) Şurasının qərarına əsasən, bu ilin iyul ayından etibarən istilik təchizatı xidmətinin yeni tarifləri qüvvəyə minib. Sayğac olmayan mənzillər üçün hər kvadratmetrə aylıq 45 qəpik, sayğac quraşdırılmış binalarda isə hər 1 Qkal üçün 21 manat tarif tətbiq olunur.

Xatırladaq ki, ölkədə istilik sistemi hər il noyabrın 15-də işə salınır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.