İşləyən pensiyaçılara avtomatik artım
Pensiyaya çıxandan sonra altı il işləyən şəxslərin pensiyaları e-sistem vasitəsilə avtomatik yenidən hesablanaraq artırılır.
Yaşa görə pensiya alan şəxslər, pensiyaya çıxdıqdan sonra işləməyə davam edərsə, altı il işlədikdən sonra pensiyaları avtomatik şəkildə yenidən hesablanaraq artırılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, pensiyaya çıxdıqdan sonra işlədikləri dövrdə fərdi hesablarına yığılan pensiya kapitalı 72 ay (6 il × 12 ay) nəzərə alınaraq bölünür və yekun məbləğ mövcud pensiyaya əlavə edilir.
Nazirlik bildirir ki, bu proaktiv xidmət işləyən pensiyaçıların artımlar üçün ayrıca müraciət etməsinə ehtiyac qalmadan, pensiyaların operativ və rahat şəkildə artırılmasını təmin edir. Sistemin məqsədi prosesin vətəndaş məmnunluğunu artırmaq və avtomatlaşdırılmış qaydada icrasını təmin etməkdir.
Qeyd olunub ki, bu mexanizm pensiya təyinatı zamanı deyil, yalnız pensiyanın yenidən hesablanması zamanı e-sistem üzərindən avtomatik həyata keçirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.