İranın BƏƏ-yə hücumları zamanı Azərbaycan vətəndaşları da xəsarət aldı
Hava hücumundan müdafiə sistemləri raket və PUA-ların əksəriyyətini zərərsizləşdirsə də, çoxsaylı yaralananlar var
İranın BƏƏ-ni hədəf alan hücumları zamanı Azərbaycan vətəndaşları da yaralananlar arasında olub.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi rəsmi sosial media hesabında açıqlama verib. Bildirilib ki, martın 10-da ölkənin hava hücumundan müdafiə sistemləri İran istiqamətindən buraxılan 9 ballistik raket və 35 pilotsuz uçuş aparatını qeydə alıb.
Nazirliyin məlumatına əsasən, raketlərdən 8-i zərərsizləşdirilib, biri isə dənizə düşüb. PUA-lardan 26-sı məhv edilib, 9-u isə ölkə ərazisinə enib.
Açıqlamada qeyd olunub ki, gərginlik başlayandan bəri İran tərəfindən BƏƏ istiqamətində ümumilikdə 262 ballistik raket və 1475 PUA buraxılıb. Hücumlar nəticəsində 6 nəfər həyatını itirib, 122 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralananlar arasında bir sıra ölkələrin vətəndaşları ilə yanaşı Azərbaycan vətəndaşlarının da olduğu vurğulanıb.(Oxu.az)
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.