İrandan idxal olunan məhsulların qiymətində dəyişiklik riski
İqtisadçı xəbərdarlıq edir: meyvə-tərəvəz və çərəzlərin qiyməti yaxın aylarda artıla bilər, lakin qıtlıq ehtimalı azdır
Son günlər İranda baş verən iqtisadi və sosial gərginlik region ölkələrinə də təsirsiz ötüşmür. İnflyasiya, milli valyutanın dəyər itirməsi və logistika problemləri İranın ixrac imkanlarını məhdudlaşdırır. Bu da Azərbaycana idxal olunan məhsulların, xüsusilə meyvə-tərəvəz və çərəzlərin qiymətinə təsir göstərə bilər.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, İrandan gətirilən kənd təsərrüfatı məhsullarında, tərəvəz, meyvə və mövsümi məhsullarda qiymət artımı riski mövcuddur. Bunun səbəbləri daxili bazarda qiymətlərin yüksəlməsi, nəqliyyat xərclərinin artması və sərhəd-keçid proseslərində gecikmələrdir.
Nəsirli əlavə edir ki, hazırda çərəz və meyvə qurularında kəskin bahalaşma yoxdur, lakin proseslər uzansa, badam, fıstıq, kişmiş və digər qurudulmuş meyvələrin qiyməti mərhələli yüksələ bilər. Ramazan ayı öncəsi xurmanın qiymətində isə mövsümi tələbat səbəbi ilə müəyyən artım gözlənilir, lakin qıtlıq riski yüksək deyil, çünki alternativ idxal mənbələri mövcuddur.
Ümumilikdə, İranda gedən proseslər qısa müddətli psixoloji və logistika təsiri yarada bilər, lakin idxal coğrafiyasının şaxələndirilməsi ciddi bahalaşma risklərini azaldır. Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında İrandan Azərbaycana 509,9 milyon dollar dəyərində məhsul idxal olunub, əsasən meyvə-tərəvəz və tikinti materialları.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.