İranda aclıq böhranı
İqtisadçı bildirir ki, əhalinin böyük bir hissəsi aclıqdan əziyyət çəkir və vəziyyət dəyişməsə, sosial partlayış qaçılmazdır.
İranda əhalinin təxminən 10 faizi qida çatışmazlığı və aclıqdan əziyyət çəkir. Mövcud vəziyyət davam edərsə, yoxsulların sayı ümumi əhalinin təxminən 40 faizinə çata bilər.
Bu barədə iranlı iqtisadçı Hüseyn Rağfər məlumat verib. O qeyd edib ki, ölkədə təxminən 7 milyon insan yetərli qida ala bilmir: “Bu insanlar bütün gəlirlərini ərzaq almağa xərcləsələr belə, kifayət qədər kalori qəbul edə bilmirlər.”
Rağfər bu vəziyyəti “təbəqələrin resurslara çıxışındakı ayrı-seçkilik” adlandırıb. Onun sözlərinə görə, kim hakimiyyət strukturlarına yaxınsa, daha çox resurs və imkan əldə edir. “Bir tərəfdə yoxsulluq artır, digər tərəfdə isə sistem daxilində nüfuz sahibi olan, az sayda, amma son dərəcə varlı bir təbəqə formalaşıb,” – deyə o əlavə edib.
Ekspert ölkədəki aclığı tarixi perspektivlə müqayisə edib: “Birinci Dünya müharibəsi dövründə baş verən aclıq Britaniyanın məqsədli addımlarından qaynaqlanırdı. Bu gün isə aclıq axmaqlıq, tamah və xəyanət nəticəsində yaranıb.”
Rağfər həmçinin xəbərdarlıq edib ki, xalqın bu duruma sonsuz dözməsi mümkün deyil: “Əgər düşünürlərsə ki, insanlar aclığa düçar olmalarına baxmayaraq susacaqlar, yanılırlar. Bu vəziyyət davam edərsə, güclü ictimai reaksiyalar qaçılmazdır.”
“Iran International”ın məlumatına görə, İranda qeydə alınan ölümlərin təxminən 35 faizi qida çatışmazlığından qaynaqlanır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.