İran ətrafında hərbi ssenari gündəmdədir
Mənbələrə görə, ABŞ və İsrail üçün əsas sual zərbənin olub-olmayacağı deyil, onun nə vaxt həyata keçiriləcəyidir
ABŞ və İsrailin İranla bağlı diplomatik manevr imkanlarının demək olar ki, tükəndiyi bildirilir. Məlumatlara görə, hazırkı mərhələdə hərbi variant getdikcə daha real görünür.
İran müxalifətinə yaxınlığı ilə tanınan “Iran International” nəşri danışıqların gedişindən məlumatlı mənbəyə istinadən yazır ki, Vaşinqton və Təl-Əvivdə əsas müzakirə artıq zərbənin olub-olmayacağı deyil, onun hansı vaxtda həyata keçiriləcəyidir.
Mənbənin iddiasına əsasən, mümkün əməliyyat üçün əlverişli zaman aralığı yaxın günlərdə və ya bir neçə həftə ərzində yarana bilər. Bildirilir ki, nəzərdən keçirilən ssenarinin əsas məqsədi İranın dövlət idarəetmə sisteminə ciddi zərbə vurmaq və potensial olaraq onun funksionallığını iflic etməkdir. Qiymətləndirmələrə görə, planlaşdırılan hərbi addımlar miqyas və intensivlik baxımından İran üçün görünməmiş ola bilər.
Qeyd olunur ki, ABŞ və İsrail mövcud geosiyasi vəziyyəti nadir fürsət kimi dəyərləndirir və ötən ilin iyununda yaşanmış 12 günlük qarşıdurma ilə müqayisədə daha yüksək risklərə getməyə hazırdır. Mənbə vurğulayır ki, İsrailin əməliyyatda birbaşa iştirakı planın əhatə dairəsini xeyli genişləndirə bilər. Ümumilikdə isə müzakirə olunan ssenari “misli görünməmiş” kimi xarakterizə olunur.
Bu proseslər fonunda “Institute for Science and International Security” (ISIS) İsfahan şəhərində yerləşən İranın nüvə obyektinə dair yeni peyk görüntülərini yayımlayıb. İnstitutun nüvə təhlükəsizliyi üzrə tanınmış eksperti Devid Olbraytın rəhbərliyi ilə hazırlanan hesabatda bildirilir ki, əldə olunan görüntülər obyektin mümkün hava hücumlarından qorunması məqsədilə əlavə müdafiə tədbirlərinin görüldüyünü göstərə bilər.
Analizdə vurğulanır ki, ərazidə müşahidə edilən infrastruktur dəyişiklikləri möhkəmləndirmə işlərinin aparıldığını və obyektin zərbələrə davamlılığının artırılmasına cəhd edildiyini ehtimal etməyə əsas verir.
Bununla yanaşı, institutun ekspertləri kompleks daxilində sentrifuq istehsalı müəssisəsinin tikintisinin yenidən aktivləşdirilməsinə dair əlamətlərin mövcudluğunu da qeyd edirlər. Onların fikrincə, bu fəaliyyət İranın əvvəlki hücumlar nəticəsində zədələnmiş nüvə infrastrukturunu bərpa etmək və ya genişləndirmək niyyətində olduğunu göstərə bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.