İpoteka qanunvericiliyində üstünlük hüququ ilə bağlı yeni dəyişikliklər təklif olunur
Notariat təsdiqi və dövlət reyestrində qeydiyyat mexanizmi sadələşdiriləcək
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “İpoteka haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihədə ipoteka öhdəliklərinin icrasında üstünlük hüququnun tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Əgər hazırkı qanuna görə bu hüquq yalnız ipoteka saxlayanlar arasında bağlanan müqavilə ilə dəyişdirilə bilirdisə, yeni dəyişikliklərlə belə müqavilələrin notariat qaydasında təsdiqlənməsi və dövlət reyestrində qeydiyyata alınması tələb olunacaq.
Sənəddə göstərilir ki, üstünlük hüququnda dəyişiklik aparıldıqda bu, daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində ən geci 3 iş günü ərzində qeydə alınmalıdır. Həmçinin, dəyişiklik zamanı ödəniləcək dövlət rüsumu hüququ ötürülən ipoteka saxlayan tərəfindən qarşılanacaq.
Komitədə vurğulanıb ki, yeni mexanizm üstünlük hüququ olan ipoteka saxlayanların maraqlarının daha etibarlı qorunmasına və hüquqların icrasında şəffaflığın artırılmasına xidmət edəcək.
Qanun layihəsi qəbul olunduqdan sonra üstünlük hüququnun dövlət reyestrində rəsmiləşdirilməsi, həmin hüququn hüquqi baxımdan tanınmasını və təsdiqini təmin edəcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.