Gələn il pensiyalarda artım olacaq
Maliyyələşdirmə 2025-ci illə müqayisədə 10,9% artacaq, həmçinin sanatoriya-kurort müalicəsi üçün 25 milyon manat ayrılıb
2026-cı il üçün əmək pensiyalarının maliyyələşdirilməsi məqsədilə ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% çox nəzərdə tutulub. Bunun 81,2%-i, yəni 635,6 milyon manatı indeksasiyaya ayrılacaq, qalan hissə isə yeni təyin olunan və ya yenidən hesablanmış pensiyaların maliyyələşdirilməsi üçün istifadə olunacaq.
Bu barədə Milli Məclisin bugünkü iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məlumat verib.
Nazirin sözlərinə görə, proqnozlara əsasən, 2026-cı il üçün indeksasiya təxminən 9,2% olacaq. Orta əmək pensiyasının məbləği 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləği isə 629 manata çatacaq.
Həmçinin, Nazir bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üçün Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.