Fövqəladə Hallar Nazirliyi Od çərşənbəsi ilə bağlı xəbərdarlıq etdi
Tonqal qalarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edin, pirotexniki vasitələrdən istifadə qadağandır
Novruz bayramının gəlişi ilə əlaqədar bu gün xalqımız milli-mənəvi dəyərlərimizi yaşadan Od çərşənbəsini qeyd edir.
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, mərasimlərdə, xüsusilə tonqal qalarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasının vacibliyini xatırladıb. Nazirlik bildirir ki, qaydalara əməl edilməməsi bayram sevincini arzuolunmaz və hətta təhlükəli hadisələrlə nəticələndirə bilər. Ötən çərşənbə axşamı baş verən hadisələr bunun bariz nümunəsidir.
FHN əhaliyə tövsiyələrini təqdim edib:
-
Bayram tonqalı tikililərdən, avtomobillərdən, elektrik naqillərindən, ağaclardan və digər yanar materiallardan uzaqda yandırılmalıdır;
-
Tonqal ətrafında toplaşan uşaqlar həmişə böyüklərin nəzarətində olmalıdır;
-
Tonqal üzərindən atlayarkən ehtiyatlı olmaq lazımdır;
-
Tonqal tamamilə sönənədək nəzarətdə saxlanılmalıdır;
-
Süfrələrdə yanan şamlar heç vaxt nəzarətsiz buraxılmamalıdır.
Həmçinin, küləkli hava şəraitində tonqal yandırmaq xüsusilə təhlükəli sayılır. Pirotexniki vasitələrdən istifadə qəti qadağandır.
Unutmayın: qaydalara əməl etməmək həyatımıza ciddi risk yaradır! Təhlükə zamanı dərhal 112-yə zəng edin.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.