Eyni suallar, fərqli üz qabığı – maliyyə və hazırlıq çətinliyi
Şagirdlər və müəllimlər test toplularının tez-tez yenilənməsindən narazıdır
Son illərdə nəşr olunan test toplularının cildləri dəyişsə də, içərisindəki suallar əksər hallarda eyni qalır. 10-cu və 11-ci sinif şagirdləri Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi topluların tez-tez yenilənməsindən narazıdırlar və bunun maddi çətinliklər yaratdığını bildirirlər.
Abituriyent Nərmin Abdullazadə deyir:
“Test toplularım çoxdur – birinci hissə, ikinci hissə, qayda kitabları… Onları qohumlarıma vermək istəyirəm, amma dəyişiblər, içindəkilər eyni qalıb. Repititor uşaqdan tələb edir ki, yenisini al. Ən azından beş il fasilə versələr, yenilənməsi normal hal olardı. Bu, maddi baxımdan da təsir edir.”
Məsələ yalnız şagirdlərlə məhdudlaşmır. Müəllim və repititorlar da topluların cüzi dəyişikliklərlə yenilənməsini məqsədəuyğun saymırlar. Onlar bildirirlər ki, testlərin üz qabığı dəyişir, amma sualların əksəriyyəti eyni variantların yerini dəyişmiş formada təqdim olunur. Bu da fərdi hazırlıq prosesini çətinləşdirir, müəllimlərin işini daha mürəkkəb edir.
Təhsil eksperti Kamran Əsədov son beş ildə Dövlət İmtahan Mərkəzində istifadə olunan test toplularında ciddi dəyişiklik olmadığını qeyd edir. Ekspertin sözlərinə görə, bu qeyri-müəyyənlik şagirdlərin ali məktəbə hazırlıq prosesinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin Abituriyent jurnalının redaksiyasından bildirildi ki, nəşrlər hər il yenilənmir. Tədris proqramında və ya imtahan modelində yeniliklər baş verərsə toplulara yeni test sualları əlavə edilir. Qeyd edək ki, bu tədris ilindən 9 və 11-ci siniflər üçün yeni test topluları çap edilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.