Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Əlavə məzuniyyətlə bağlı yeni qaydalar qüvvəyə minir

Bir sıra kateqoriyalara kompensasiya ödəniləcək, əvvəlki məhdudiyyət aradan qaldırılır

48

Əmək şəraiti və iş stajına görə, eləcə də uşaqlı qadınlar və işğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislər üçün əlavə məzuniyyətlə bağlı yeni mexanizm tətbiq ediləcək. Yeniliyə əsasən, bu kateqoriyadan olan şəxslərə istifadə etdikləri əlavə məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi nəzərdə tutulur.

Əmək şəraiti və funksiyanın xüsusiyyətlərinə görə əlavə məzuniyyət hüququ yeraltı işlərdə çalışanlara, zərərli və ağır şəraitdə fəaliyyət göstərənlərə, həmçinin işi yüksək diqqət, emosional gərginlik və fiziki yük tələb edən əməkdaşlara şamil olunur. Bu halda əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az ola bilməz.

Əmək stajına görə əlavə istirahət günləri də müəyyənləşdirilib. Belə ki, 5 ildən 10 ilədək iş stajı olanlara 2 gün, 10 ildən 15 ilədək stajı olanlara 4 gün, 15 ildən artıq əmək fəaliyyəti olanlara isə 6 təqvim günü əlavə məzuniyyət verilir.

14 yaşınadək iki uşağı olan qadınlara 2 gün, üç və daha çox uşağı və ya əlilliyi olan uşağı olan qadınlara isə 5 gün əlavə məzuniyyət hüququ tanınır.

İşğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislər də əsas və əlavə məzuniyyətlərdən asılı olmayaraq əlavə 5 təqvim günü istirahət hüququ əldə edirlər.

Hazırkı qanunvericiliyə görə, bu əlavə məzuniyyətlərə görə kompensasiya ödənilmirdi. Lakin yeni qərara əsasən, bu məhdudiyyət bərabərlik və ədalət prinsiplərinə uyğun hesab edilmədiyindən onun tətbiqi dayandırılır.

Beləliklə, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illəri üzrə istifadə etmədiyi əlavə məzuniyyət günlərinə görə, əsas məzuniyyət üçün nəzərdə tutulan qaydada və məbləğdə kompensasiya hesablanaraq ödəniləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.