Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Efiopiya Baş naziri Abiy Əhməd Azərbaycanda “AI Academy”i ziyarət edib

Görüşdə süni intellektin strateji prioritet kimi inkişafı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub

60

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli rəsmi səfəri çərçivəsində Azərbaycanda “AI Academy”i ziyarət edib.

Görüşdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev süni intellektin ölkənin rəqəmsal inkişaf gündəliyində strateji prioritet olduğunu vurğulayıb. Nazir həmçinin insan kapitalının hazırlanması və texnoloji imkanların genişləndirilməsinin milli inkişaf modelinin əsas komponentlərindən biri olduğunu qeyd edib.

Milli Süni İntellekt Mərkəzinin baş direktoru Tuncay Bağırov akademiyanın yaradılma məqsədi, fəaliyyət istiqamətləri və gələcək inkişaf planları barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, “AI Academy” Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını, dövlət və özəl sektor üçün tətbiqyönümlü bacarıqların inkişafını və innovasiya mühitinin gücləndirilməsini təmin edir.

Ziyarət zamanı qonaqlara akademiyanın tədris proqramları, ixtisaslaşmış kursları və praktiki təlim modulları təqdim olunub. Qeyd olunub ki, tədris prosesi real layihələr əsasında qurulur və bu yanaşma süni intellekt texnologiyalarının nəzəri bilikdən kənara çıxaraq iqtisadi və institusional tətbiqlərdə dəyər yaratmasına xidmət edir.

Həmçinin görüşdə süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də birgə təşəbbüslərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.