Dövlət qulluqçularının maaşı artıb
Dövlət qulluğunda çalışanların 30%-dən çoxu qadınlar, əmək stajı isə əksəriyyətdə 5 ildən çoxdur.
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov dövlət qulluqçularının maaşı ilə bağlı məlumat verib. Onun sözlərinə görə, hazırda ölkədə 27,4 min dövlət qulluqçusu fəaliyyət göstərir və onların 30,3%-i qadınlardır. Ötən il dövlət qulluqçularının orta aylıq əməkhaqqı 2% artaraq 1971 manata çatıb.
Deputat bildirib ki, bu il həyata keçirilən sosial paket dövlət qulluqçularının maaş artımlarına da töhfə verib. Hazırda dövlət qulluqçularının orta əməkhaqqı ölkə üzrə orta maaşdan təxminən iki dəfə yüksəkdir ki, bu da dövlət qulluğuna marağın əsas səbəblərindən biridir.
Bayramov əlavə edib ki, dövlət qulluqçularının 7,4%-i ali idarəetmə vəzifələrində çalışır, qalanı isə digər təsnifatlarda fəaliyyət göstərir. Əksəriyyət üçün işə qəbul standartları tətbiq olunur, həmçinin dövlət qulluğunda uzunmüddətli staj sahibləri üstünlük təşkil edir: 69,5% əməkdaş 5 ildən artıq xidmət edir.
Deputat vurğulayıb ki, aparılan islahatlar dövlət qulluqçularının yaş profilinə də təsir edib: “Dövlət qulluğunda çalışanların yarısından çoxu 40 yaşdan aşağıdır. Bu, keyfiyyətli işçi seçiminə və yeni nəsil kadrların yetişdirilməsinə imkan yaradır.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.