Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dövlət İdarəçiliyində Yeni Dövr

Prezident fərmanı ilə təsdiqlənən Nümunəvi Əsasnamə rəhbərlərin səlahiyyətlərini genişləndirir, korrupsiya risklərinin idarə olunmasını və rəqəmsal idarəetməni ön plana çıxarır.

29

Prezident İlham Əliyevin 17 noyabr 2025-ci il tarixli Fərmanı ilə Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən Nümunəvi Əsasnamə yenilənib. Yeni sənəd nazirliklərin idarəetmə mexanizmini köklü şəkildə modernləşdirir və onların məsuliyyət dairəsini genişləndirir.

Əsasnaməyə əsasən, nazirliklər təkcə dövlət siyasətini hazırlayan qurum kimi deyil, onun icrasına nəzarət edən və əlaqələndirici mərkəz rolunu da daşıyacaq. “Dövlət siyasəti və tənzimləmə” funksiyası indi ayrı-ayrı fəaliyyət istiqamətləri – “dövlət nəzarəti”, “dövlət tənzimləməsi” və “əlaqələndirmə” olaraq müəyyən edilib.

Yeni qaydalar rəhbərlərin məsuliyyətini də artırır. Nazirliklər daxilində korrupsiya risklərinin aşkarlanması və idarə olunması artıq rəhbərin birbaşa öhdəliyidir. Bunun üçün qurum daxilində xüsusi bölmə və ya məsul şəxs təyin olunmalıdır. Dövlət-özəl tərəfdaşlığı, elmi tədqiqatların təşkili, beynəlxalq layihələrdə iştirak və səfərbərlik hazırlığı kimi sahələr də rəhbərin fəaliyyətinə daxil edilib.

Əsasnamə həmçinin rəqəmsal idarəetmə tələblərini gücləndirir. Nazirliklər rəsmi internet resurslarını yaradaraq ictimai məlumatları daim yeniləməli, sənəd dövriyyəsini rəqəmsal şəkildə təşkil etməlidirlər. Hər bir nazirlikdə İctimai Şura yaradılması da məcburi edilir.

Yeni qaydalara görə, rəhbərlərə daha geniş idarəetmə sərbəstliyi verilir. Onlar struktur bölmələrin yaradılması və ləğvi, ştat cədvəlinin təsdiqi, büdcə vəsaitinin bölüşdürülməsi və tabeli qurumların fəaliyyətinə nəzarət edə biləcəklər. İşçilərə maddi təşviqlərin verilməsi və xüsusi rütbələrin təyin edilməsi prosesi də aydınlaşdırılıb.

Nazirlik Kollegiyası institutunun səlahiyyətləri artırılıb və artıq bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən birgə normativ aktlar qəbul edə biləcək. Apellyasiya Şuraları isə yalnız sahibkarların müraciətlərini yox, dövlət qulluğuna qəbul müsahibələrinin nəticələri ilə bağlı şikayətləri də araşdıracaq.

Beləliklə, yeni Nümunəvi Əsasnamə nazirliklərin nəzarət və idarəetmə imkanlarını artırır, onları daha şəffaf və funksional qurumlara çevirir və dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcını elan edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.