Dönər təhlükəsizliyi ilə bağlı yeni xəbərdarlıq
Qida Təhlükəsizliyi Agentliyi qaydalara əməl olunmamasının istehlakçı sağlamlığı üçün ciddi risklər yaratdığını bildirir
Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə sektorunda fəaliyyət göstərən sahibkarları bir daha qida təhlükəsizliyi normalarına əməl etməyə səsləyib. Qurumun məlumatında vurğulanır ki, xüsusilə dönər hazırlayan müəssisələrdə sanitar-gigiyenik qaydalara ciddi riayət olunmalıdır.
Bildirilir ki, dönər üçün istifadə olunan ət yalnız baytarlıq-sanitariya ekspertizasından keçdikdən sonra satışa buraxıla bilər. Dondurulmuş çiy dönərin daşınması və saxlanması +1°C ilə +4°C arasında təmin edilməli, bu müddət ümumilikdə 8 saatdan çox olmamalıdır. Bişməmiş və bişmiş məhsulların hazırlanma sahələri bir-birindən ayrılmalı, alətlər və iş səthləri ayrı istifadə olunmalıdır ki, çarpaz çirklənmənin qarşısı alınsın.
Agentlik qeyd edir ki, bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır. Souslar, tərəvəzlər və digər məhsulların saxlanma qaydalarına xüsusi diqqət yetirilməlidir. Çiy dönər isə bişirməyə başlanıldıqdan sonra maksimum 12 saat ərzində istifadə edilməlidir.
İstehlakçılara da xəbərdarlıq edilib: dönər alarkən obyektin ümumi təmizliyinə, işçilərin gigiyena qaydalarına əməl etməsinə diqqət olunmalıdır. Xüsusən də satıcıların əlcək, qoruyucu geyim və baş örtüyü ilə işləməsi vacibdir. Həmin əlcəklə pul və ya kassa avadanlıqlarına toxunmaq yolverilməzdir. Hazırlanan dönərin 1 saat ərzində yeyilməsi tövsiyə olunur.
Agentlik vətəndaşlardan qaydalara əməl edilmədiyi hallarda dərhal “1003-Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir. Bundan başqa, bütün dönər satışı ilə məşğul olan iaşə obyektlərində istehlakçıların görə biləcəyi yerlərdə maarifləndirici posterlər yerləşdirilməlidir.
Qurum xəbərdarlıq edir: qaydalara əməl olunmaması sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.