Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Cinayət qanunvericiliyinin tətbiqinə aydınlıq gətirildi

“Az əhəmiyyətlilik” anlayışının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə tətbiqi ilə bağlı hüquqi mövqe açıqlanıb

206

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Baş Prokurorluğun müraciəti əsasında Konstitusiyanın 80-ci maddəsi kontekstində Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin birgə tətbiqi ilə bağlı konstitusiya işinə baxılıb.

Plenum iclasında iş üzrə hakim F. Məmmədovun məruzəsi dinlənilib, həmçinin Baş Prokurorluğun sorğusu, Milli Məclis Aparatının mövqeyi, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin təqdim etdiyi rəy və mülahizələr, eləcə də Vəkillər Kollegiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M. Bayramovanın ekspert rəyi araşdırılıb.

Qəbul edilən qərarda vurğulanıb ki, Cinayət Məcəlləsinin 14.2-ci maddəsində nəzərdə tutulan “az əhəmiyyətlilik” anlayışı qiymətləndirici xarakter daşıyır. Bu səbəbdən 228.1-ci maddədə göstərilən əməlin az əhəmiyyətli sayılıb-sayılmaması hər bir konkret iş üzrə faktiki hallar nəzərə alınmaqla müəyyən edilməlidir. Bu zaman döyüş sursatının miqdarı (patron sayı) digər mühüm meyarlarla — motiv, məqsəd, hadisənin baş verdiyi şərait, zaman və məkan kimi amillərlə birlikdə qiymətləndirilməlidir.

Qərar rəsmi dərc olunduğu tarixdən qüvvəyə minir, qətidir və heç bir dövlət orqanı və ya şəxs tərəfindən dəyişdirilə, ləğv edilə və ya əlavə şərh edilə bilməz.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.