Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır…

“Ümumdünya statistika günü”nü haqqında

35

Azərbaycanda statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin və hökumətin yüksək qayğısı sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev statistikaya yüksək qiymət vermişdir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkə statistiklərinin yaddaşına həkk olunmuş “Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır…” məşhur kəlamı Dövlət Statistika Komitəsinə verilən qiymətin bariz nümunəsidir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assanbleyası “bütün üzv dövlətlərə, BMT sisteminin ixtisaslaşdırılmış idarələrinin üzvlərinə, təşkilatlarına, digər beynəlxalq və regional təşkilatlara, habelə vətəndaş cəmiyyətinin, o cümlədən, elmi-tədqiqat institutları, media, bütün rəsmi statistika istehsalçıları və istifadəçiləri kimi qeyri-hökumət təşkilatlarının nümayəndələrinə Ümumdünya Statistika Gününü lazımi qaydada qeyd etməyi təklif edib”.

Bu qətnaməni qəbul etməklə Baş Assambleya etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini rəsmi şəkildə təsdiq etmişdir.

Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, Azərbaycanda statistikanın təşkilindən 179 il keçir, rəsmi statistikanın isə 105 yaşı tamam oldu. Belə ki, 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunub. Azərbaycanda statistika orqanlarının bütün dövrlərdəki işi statistika orqanları qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilib.

Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir. Dövlət Statistika Komitəsi çox sayda beynəlxalq təşkilat və ölkənin statistika orqanları ilə əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Dövlət Statistika Komitəsi BMT və onun regional iqtisadi komissiyaları, Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Asiya İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNESKO, UNİSEF, İƏİT, İƏT, Beynəlxalq Nəqliyyat Forumu, Beynəlxalq Miqrasiya Təşkilatı, “21-ci yüzillikdə inkişaf üçün statistika sahəsində əməkdaşlıq” konsorsiumu, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Yol Federasiyası, TRASECA, UNİDO, Beynəlxalq Energetika Agentliyi, Avropa İqtisadi Komissiyası, Avropa Statistika Bürosu, MDB Dövlətlərarası Statistika Komitəsi, Qara dəniz ölkələrinin Əməkdaşlıq Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya və Sakit Okean Hövzəsi ölkələrinin İqtisadi-sosial Komissiyası, Avropa Sosial Xartiyası kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və məlumat mübadiləsi aparır.

1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Ulu öndər Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri”nin bütün tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikasında təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin Dövlət reyestrinin və beynəlxalq təsnifatlarla uzlaşdırılmış milli təsnifatların yaradılması, ölkə ərazisində dövlət statistika müşahidələrinin keçirilməsi, statistik sirr, dövlət statistika orqanları işçilərinin sosial müdafiəsi və s. xüsusi maddələr qeyd edilib.

Müstəqillik dövrü ərzində Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzindədir. Bu məqsədlə, Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında beşillik dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilmişdir. Bu illər ərzində 5 Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012, 2013-2017-ci illəri əhatə edən) yerinə yetirilmiş, bu günə sonuncu 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və yerinə yetirilməkdədir.

Aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün 2025-ci ilin iyul ayının 15-dən avqust ayının 15-dək ölkəmizdə ilk dəfə işğaldan azad olunmuş ərazilər də əhatə olunmaqla “Kənd təsərrüfatının siyahıyaalınması” həyata keçirilmişdir.

Dövlət Proqramının əsas məqsədi statistika işlərinin ölkədə və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi proseslərə və müasir çağırışlara uyğun təkmilləşdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi yolu ilə rəsmi statistikanın inkişaf etdirilməsidir. Bu tədbirlərə sosial, iqtisadi və digər sahələr üzrə statistika müşahidələrinin təşkili və metodologiyaların hazırlanması, metaməlumatlar və təsnifatlar, rəsmi statistika materiallarının istehsalının hüquqi, inzibati və informasiya təminatı, istifadəçi məmnunluğunun artırılması, beynəlxalq əməkdaşlıq, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi istiqamətlərini əhatə edən fəaliyyətlər daxildir.

Dövlət Proqramlarının yerinə yetirilməsi Dövlət Statistika Komitəsi üçün əsas vəzifə olmuşdur. Bu proqramların yerinə yetirilməsi Dövlət Statistika Komitəsinin beynəlxalq əlaqələrinin və əməkdaşlığının genişlənməsi şəraitində həyata keçirilib.

2025-ci ilin 24-26 sentyabr tarixlərində Bakı şəhərində “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilib. Mötəbər beynəlxalq tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Müraciətdə, müasir dövrdə statistika cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün öz əhəmiyyətini daha da artıraraq mühüm vasitələrdən birinə çevrildiyini, etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynadığını, bu səbəbdən, Beynəlxalq Statistika Forumu metodoloji yeniliklərin təqdim edilməsi və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından universal bir platforma kimi çıxış etdiyini qeyd etmişdir.

Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri, tanınmış elmi ictimaiyyət xadimləri və ekspertlərin qatıldıqları Forumun açılış sessiyasından sonra müasir statistikanın aktual məsələləri müzakirə olunub.

“Ümumdünya statistika günü”nün qeyd edilməsi ərəfəsində yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında hər biri 3 mərhələdən ibarət olmaqla statistik olimpiada keçirilmişdir.

Olimpiadanın keçirilməsində əsas məqsəd gənclər arasında statistikaya marağın  artırılması, onlar arasından statistik biliklərə malik istedadlı şagird və tələbələrin aşkar edilərək həvəsləndirilməsidir.

Olimpiada təhsilalanların statistika elmi, habelə ölkənin sosial-iqtisadi həyatında baş verən hadisə və proseslər haqqında daha geniş rəsmi statistik məlumatlar əldə etmələrinə, onların dünya görüşlərinin, qərar qəbuletmədə statistikadan istifadə bacarıqlarının artmasına müsbət təsir göstərəcək, eyni zamanda şagird və tələbələrin təhsil dövründə qazandıqları statistik bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yeni platforma rolunu oynayır.

Statistika orqanlarının əsas vəzifəsi ölkənin sosial-iqtisadi inkişafına dair elmi cəhətdən əsaslandırılmış statistika məlumatlarının vaxtında yığılması, işlənməsi və cəmiyyətin bütün təbəqələrinə çatdırılmasıdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.