Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi tarixdə ən möhtəşəmi olacaq

Yeni tribunalar, dünya ulduzları və minlərlə turist Bakıya toplaşacaq

11

Bu il Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisi əvvəlkilərdən daha möhtəşəm olacaq. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev bildirib. Onun sözlərinə görə, yarış yalnız idman hadisəsi deyil, həm də Azərbaycanın qonaqpərvərliyini nümayiş etdirən möhtəşəm tədbirdir.

2025-ci ildə Qran-pri tarixdə ən böyük tamaşaçı tutumuna sahib olacaq. İki yeni tribunanın istifadəyə verilməsi ilə ümumi tutum 20 min nəfəri ötəcək. İlk dəfə olaraq “Formula 1 Çempionlar Klubu” fəaliyyət göstərəcək, burada isə pit-leyn mənzərələri, paddok turları və eksklüziv imkanlar təqdim olunacaq.

Yarış həftəsində trekdən kənarda da böyük şoular təşkil olunacaq. Sentyabrın 19-da DJ Anyma, 20-də isə dünya ulduzları Martin Garrix və Glass Animals azarkeşlərə unudulmaz gecə yaşadacaq.

Bakıya 12 mindən çox xarici turistin gələcəyi gözlənilir. Ötən il tamaşaçıların 80 faizini əcnəbilər təşkil etmişdi. Formula 1-in rəsmi rəqəmlərinə görə, azarkeşlərin 55 faizi Azərbaycan Qran-prisini dostlarına tövsiyə etməyə hazırdır, 72 faizi isə yaxın illərdə yenidən ölkəmizi ziyarət etməyi planlaşdırır.

Statistikaya əsasən, bir xarici azarkeşin orta xərci 2200 ABŞ dollarını ötür ki, bu da Qran-prini turizm və sahibkarlıq üçün mühüm iqtisadi stimul halına gətirir. 2024-cü ildə Azərbaycan Qran-prisini 86 milyon tamaşaçı canlı izləyib, ümumilikdə isə 3,9 milyard insan yarışla maraqlanıb.

Hazırlıq işlərinə minlərlə insan cəlb olunub: 2 mindən çox mühəndis, texnik və logist, əlavə olaraq 1500 əməkdaş, 2000 könüllü və 1400 marşal yarışın uğurlu təşkili üçün çalışır. Əgər ilk illərdə əsas işləri xarici şirkətlər icra edirdisə, bu gün bütün proses yerli mütəxəssislərin üzərinə düşür.

Beləliklə, Azərbaycan Qran-prisi yalnız sürət və həyəcan deyil, həm də ölkə iqtisadiyyatı üçün böyük inkişaf platformasıdır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.