Bakı məktəblərində yeni nəqliyyat mərhələsi
Pilot layihə ilk mərhələdə 1250-dən çox məktəblini əhatə edəcək, marşrutlar onlayn izləniləcək
Bu gündən paytaxtda “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə start verilib.
“2 School” startap şirkətinin təşəbbüsü ilə həyata keçirilən layihənin əsas məqsədi valideynlərin övladlarını məktəbə aparıb-gətirməsi zamanı yaranan nəqliyyat sıxlığını azaltmaq və şagirdlər üçün təhlükəsiz, rahat gediş-gəliş təmin etməkdir. İlk mərhələdə 100-dən çox avtobus fəaliyyət göstərəcək və 1250-dən artıq məktəbli daşınacaq.
Layihə Bakı şəhərindəki 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək. Valideynlər xüsusi onlayn platforma vasitəsilə övladlarının istifadə etdiyi avtobusların hərəkət marşrutunu real vaxt rejimində izləyə biləcəklər.
Pilot layihəyə daxil olan məktəblər sırasında İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, K.A.Kərimov adına 8 nömrəli tam orta məktəb, A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 27 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi və 189–190 nömrəli tam orta məktəb var.
Avtobus xidmətindən istifadəyə görə ödəniş məsafədən asılı olaraq aylıq abunə əsasında müəyyən ediləcək. Qazi və şəhid ailələri, həmçinin ikinci övladı məktəbdə oxuyan ailələr üçün xüsusi endirimlər nəzərdə tutulub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.