Azərpoçt adından yayılan kiber fırıldaqçılığa qarşı xəbərdarlıq
Vətəndaşlar saxta keçidlərə diqqət etməlidir
Elektron təhlükəsizlik xidmətinin müşahidələrinə görə, son günlər kiber dələduzlar Azərpoçt MMC adından və loqosundan istifadə edərək vətəndaşları hədəf alır. Onlar sms, zəng və saxta elektron poçtlar vasitəsilə ödəniş tələb edən saxta məlumatlar təqdim edir və istifadəçiləri şübhəli keçidlərə yönləndirirlər.
Bu keçidlərdə sifarişin ödənilməsi, nağd pulun qorunması və çatdırılma kimi uydurma statuslar göstərilir. İstifadəçi düyməyə klik etdikdə kart nömrəsi, son istifadə tarixi, CVV/CVC kodları və mobil nömrəsi tələb olunur. Məlumatlar daxil edildikdə ya bank hesabından vəsait çıxır, ya da mobil tətbiqə giriş əldə olunaraq hesab tam nəzarətə götürülür.
Ekspertlər bildirir ki, saxta mesajların tərkibi adətən səhv və məntiqsiz olur. Vətəndaşlar təqdim olunan keçidlərin doğruluğunu mütləq yoxlamalıdır.
Elektron təhlükəsizlik xidməti və Azərpoçt MMC vətəndaşları tanımadıqları mənbələrdən gələn mesajlardakı keçidlərə daxil olmamağa, bank kartı və şəxsi məlumatları paylaşmamağa çağırır. Bildirişlərin doğruluğunu Azərpoçtun 169 çağrı mərkəzi, 1654 qaynar xətt və rəsmi sosial media hesabları vasitəsilə yoxlamaq mümkündür.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.